İTV kanalında yayımlanan "Diqqət Mərkəzi-Yekun" proqramında "Qarabağ konflikti ilə bağlı təbliğat necə qurulmalıdır?" mövzusunda debat keçirilib.
Eurasia Diary xəbər verir ki, müzakirələrdə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov, hüquqşünas Aslan İsmayılov, hərbi ekspert Arzu Nağıyev və digər şəxslər iştirak ediblər.
Tofiq Zülfüqarov Sumqayıt hadisələrindən danışarkən bildirib ki, bu zaman məqsəd ermənilərdə və azərbaycanlılarda bir-birinə qarşı düşmən obrazları yaratmaq idi:
"Sumqayıt hadisələri Dağlıq Qarabağda da baş vermişdi. Qarabağa gələn erməni hərbçilər erməni xalqından olan insanları öldürürdülər", deyə sabiq nazir bildirib.
Hüquqşünas Aslan İsmayılov Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı apardığı təbliğatın zəif olmasını dilə gətirib:
“Ermənilər Sumqayıtla bağlı yüzlərlə kitab dərc edib və bütün dünyaya yayıblar. Əgər 30 ildən sonra Kanada parlamentinin yunan əsilli üzvü çıxış edərək azərbaycanlıların Sumqayıtda vəhşilik etdiyini deyirsə, demək Sumqayıt hadisələri ilə bağlı həqiqətləri dünyaya çatdıra bilməmişik", hüquqşünas qeyd edib.