“Düşmən ciddi şəkildə Aprel döyüşlərindən nəticə çıxararaq öz silahlı qüvvələrini yeni sistemlərlə təchiz etmək istəyir”. Bunu Ordu.az-a açıqlamasında Ermənistanın Hindistandan batareya atəşini aşkarlayan “Swathi” sistemlərini almasını şərh edərkən Hava Hücumundan Müdafiə sahəsi üzrə mütəxəssis, ehtiyatda olan polkovnik Ramiz Şərifov deyib.
Polkovnik qeyd edir ki, iqdisadi çətinliklər səbəbindən bu sistemlər yalnız məhdud sayda alınır və bu da düşmənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin nəzərəçarpacaq dərəcədə artacağı anlamına gəlmir.
“Düşmənin əsas niyyəti yeni alınmış bütün silahları bir idarəetmə sisteminə birləşdirərək daha effektiv şəkildə istifadə etməkdir”, - deyə Ramiz Şərifov qeyd edib.
R.Şərifovun sözlərinə görə, istehsalçıların texniki göstəricilərini şişirdilmiş formada göstərməsinə baxmayaraq, reallıqda bu sistemlər döyüş şəraitində öz funksiyalarının heç 50 faizini yerinə yetirə bilmirlər.
“Silahlı qüvvələrimizin bütün HHM və artilleriya mütəxəsisləri düşmənin aldığı və almağı planlaşdırdığı bu döyüş texnikalarının zəif bəndlərini avtomatizmə qədər öyrənməlidirlər. Döyüşlərdə bu həlledici parametr ola bilər”, - deyə ehtiyatda olan polkovnik sözlərini yekunlaşdırıb.
O bildirir ki, Silahlı Qüvvələrimiz düşmən ölkənin məhdud sayda yeni növ silahlar alması ilə bağlı diqqətli olmalıdır.
“Gələcəkdə bu cür vasitələr Silahlı Qüvvələrimizin döyüş işini poza bilməsə də, müxtəlif cür maneələr yarada bilər. Bu səbəbdən torpaqlarımızın azad olunmasına başladığımız zaman ilk həmlədə bu cür radiolokasiya stansiyalarının koordinatlarını aşkarlayaraq onları qətiyyətli bir şəkildə məhv etmək əsas tapşırıqlardan biri olacaq”, - deyə mütəxəssis vurğulayıb.
Qeyd edək ki, mart ayının ilk günlərində Ermənistan 4 ədəd batareya atəşini aşkarlayan “Swathi” sistemlərinin alınması üçün Hindistanla 40 milyon dollarlıq müqavilə imzalayıb. Məlumata görə, Hindistan artıq batareya atəşini aşkarlayan radar sistemin Ermənistana çatdırılmasına başlayıb. Radar sistemini Hindistanın Müdafiə Tədqiqatları və İnkişafları Dövlət Təşkilatı (Defence Research and Development Organisation) hazırlayıb, istehsalçı isə “Bharat Electronics Limited” şirkətidir.