2015-ci ilin yanvar ayında ermənilər qondarma "DQR"in müstəqilliyinin ildönümünə həsr edilmiş bayram tədbirinin hazırlıq işlərinə başlayırlar. Bayram tədbirinə bir gün qalmış Tərtərdə N saylı briqadanın artilleriya rəisi olan Polkovnik-leytenant Eldəniz Hüseynov Ağdərədə Ermənistan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin şəxsi heyətinin toplaşdığı barədə məlumat alır. PUA-ların vasitəsilə “müstəqillik tədbiri”nin keçirildiyi ərazinin koordinatları müəyyənləşdirilir.
E.Hüseynov elə həmin gün düşmən əsgərlərinin toplaşdığı əraziyə artilleriyadan atəş açmaq əmri verir. Nəticədə 37 nəfər erməni xüsusi təyinatlısı məhv edilir, 60 nəfərə yaxını isə ağır yaralanır.
Olanlardan hiddətlənən Ermənistanın o dövrkü prezidenti Serj Sarksyan hadisəni törədənlərin, E.Hüseynovun tapılıb cəzalandırılması üçün beynəlxalq məhkəmələrə müraciət edir.
Olayın üstündən 5 il keçib. Bu gün Eldəniz Hüseynov təqaüddədir. Lakin hələ də düşmənin bu sevincli gününü qana boyayacaq zabitlərimiz var. Onlara güvənirik, çünki onlar bizim xəbərimiz belə olmadan yüzlərcə dəfə torpağımızı, vətənimizi, bəlkə də, həyatımızı xilas ediblər. Bu gün ordumuzda hələ də Hikmət Həsənov, Mayıs Bərxudarov, Rövşən Əkbərov kimi çiynindəki ulduzları aldıqları torpaqlar və məhv etdikləri düşmənin canı bahasına qazanan igid generallar var. Və o generallara Şuşada qondarma "andiçmə"yə susmaq yaraşmır.
Bu gün Qarabağdakı qondarma rejimin “prezidentinin andiçmə” mərasiminin Şuşada keçirilməsi azərbaycanlıların təhqir edilməsi, alçaldılmasından başqa bir məqsədə qulluq etmir. Diplomatları, siyasətçiləri başa düşdük, bəs zabitlərimiz millətinə edilmiş bu təhqiri zabit şərəflərinə necə sığışdırır?
Bütün bunlara rəğmən bu şəraitdə millətin namusunu xilas etmək üçün bəzi zabitlər təşəbbüs göstərməlidirlər. Bəzilərinin xətrinə dəyəcək, amma yenə də yazıram, bu saatdan sonra “əmr gözləyirik” bəhanəsi bitmişdir. Zabit şərəfi, üçrəngli bayraq və milli iradə Azərbaycan əsgərindən gözləməyi yox, hərəkətə keçməyi tələb edir... .
Nicat İsmayılov