Rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeniy Mixaylov özünün “Youtube” kanalında “Erməni qardaşlar, yadınıza salın…” başlıqlı video paylaşıb.
Videoda deyilir ki, Rusiya və Ermənistan arasında əsrlər boyu mövcud olmuş dostluq münasibəti Nikol Paşinyanın başçılığı ilə yeni hökumətin qurulmasıyla ciddi zərbə aldı.
Videoda xüsusilə son bir ildə İrəvanın strateji tərəfdaşı, təhlükəsizliyinin qarantı olan Rusiyanın bu ölkədə faşizmin təbliğ olunması, Amerikaya məxsus bioloji laboratoriyaların mövcudluğu, Ermənistan KİV-də rusofobiyanın artması barədə dilə gətirdiyi narahatlıqlarına laqeyd qalmasından danışılır:
"Yüz illik bir dövrdə Rusiya sayəsində ərazisi, sərhədləri olan Ermənistan dövləti mövcuddur. Lakin son illərdə Ermənistanda “Məxməri inqilab” nəticəsində hakimiyyətə gəlmiş rusofob siyasətçilər tərəfindən ölkəmiz təhqir olunur. 70-ci illərdə erməni millətçiləri SSRİ-də ən böyük terror hadisəsini, Moskva metrosunda terakt törətdilər. Çar Rusiyası dövründə daşnakların imperiyanın dövlət xadimlərinə qarşı törətdikləri teraktlar da arxiv sənədlərində durur. 1991-ci ildə SSRİ-nin dağılması zamanı ermənilər ilk olaraq rusları ölkədən qovmuşdular. Rəsmi İrəvan hər zaman Rusiyadan alınan təbii qazın qiymətinin yüksək olmasında, qərbyönlü siyasətçiləri isə Rusiyanın Gümrüdəki hərbi bazasının mövcudluğundan narazılıq edərək və Rusiyanı guya üçüncü tərəfi müdafiə etməklə Qarabağ münaqişəsinin həllinə müdaxilədə günahlandır. Ermənistanın ölkədəki bioloji laboratoriyalar haqqında məlumatları Rusiyadan gizli saxlaması, Rusiyanın Armavir şəhərində Qaregin Ter-Arutyunyana (Njde) quraşdırılan xatirə lövhəsinin sökülməsi iki ölkə arasındakı gərginliyi artırdı. Daha bir qalmaqal isə Qələbə Gününün qeyd olunması ərəfəsində Paşinyanın öz babasını müharibə qəhrəmanı adlandırması, onunla fəxr etdiyini deməsi lakin sonra bu şəxsin faşistlərlə əməkdaşlıq etməsi faktının üzə çıxması oldu. Bu bir daha Ermənistanda faşizmin dövlət səviyyəsində təbliğ olunduğunu nümayiş etdirdi. Bütün bu baş verənlərdən dolayı Ermənistan varlığına görə borclu olduğu Rusiyadan üzr istəməlidir", -deyə Rusiyalı politoloq Yevgeniy Mixaylov bildirib.