İyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.
İkinci Fəxri Xiyabandakı vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-leytenant Yaşar Əliyev, Prezident Administrasiyasının Silahlı Qüvvələrlə iş sektorunun müdiri general-leytenant Elşad Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, mərhumların xidmət yoldaşları şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
EDNews.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasim zamanı telefon vasitəsilə şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə telefonla danışıb.
Dövlət başçısı şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləyib. Prezident İlham Əliyev qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.
Səmayə Həşimova və Elvin Mirzəyev Prezident İlham Əliyevə telefon zənginə və başsağlığına görə minnətdarlıqlarını bildiriblər.