“Paşinyan Rusiya ilə konstruktiv dialoqa hazır deyil. O, hakimiyyəti buna görə ələ keçirməyib və insanları zombiyə çevirir”
Bunu erməni rejissor, aktyor və teleaparıcı Tiqran Keosayan deyib.
O, Ermənistan hakimiyyətinə müraciət edən həyat yoldaşı, "Russia Today" telekanalının baş redaktoru Marqarita Simonyanı dəstəkləyib.
Xatırladaq ki, ötən gün RT-nin baş redaktoru Marqarita Simonyan öz Facebook səhifəsində Ermənistan hakimiyyətinə müraciətində xüsusi vurğulayaraq yazıb: "Sərhədinizdə müharibə baş verdikdə, bütün dünya erməniləri əlində əyri tiyəli bıçaq olan yeniçərilərin canlanan kabuslarını görəndə, xatırladınız ki, Rusiya sizi yenə xilas etməlidir".
T.Keosayanın sözlərinə görə, həyat yoldaşının müraciətindən sonra Ermənistandan olan insanlar sosial şəbəkələrdə onu təhqir edir, həyat yoldaşını döyməyi, soyadını dəyişdirməyi tələb edir, bəzi saytlarda əleyhinə imza toplanır.
“Marqarita hazırkı Rusiya-Ermənistan münasibətləri və Paşinyan hakimiyyətinin yalanları barədə həqiqətləri sərt və düzgün şəkildə çatdırıb. Bugün hərbi sahədəki reallıqlar Ermənistanın gələcəyini sual altında qoyur. Paşinyanın erməni milli bütövlüyünü məhv etməsi və dünyada yeganə həqiqi müttəfiqini itirməsi respublikanın mövcudluğu üçün real təhlükə yaradıb. Biri türk-erməni olmaqla iki cəbhədə müharibə aparmaq yaxşı heç nə vəd etmir.
Artıq biz Krımın tanınması və ya Rusiyanın Ermənistandakı aktivlərinə olunan təzyiqlərdən danışmırıq, söhbət Ermənistanın özünün gələcək mövcudluğundan gedir. Ermənistanın indiki rəhbərliyi ilə gələcəyi yoxdur və bu təkcə mənim fikrim deyil”.