Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının detallarını açıqlayıb.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir.
Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı V. Putinlə ətraflı fikir mübadiləsi aparıblar.
“Mən Qafqazdakı münaqişənin birgə həllinə çağırış etdim. Aramızda müsbət söhbət oldu, Putinə bu mövzuda Ankaranın "qırmızı xətti" barədə məlumat verdik".
Danışıqlar zamanı Ərdoğan Putina Paşinyanla danışmağı məsləhət görüb.
“Putinə dedim ki, istəsəniz gəlin Cənubi Qafqazdakı münaqişəyə birlikdə son qoyaq, bu münaqişəni birlikdə həll edək. Siz Ermənistanın Baş naziri Nikol Paşinyanla, mən də qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə danışım. Nümayəndələrinizi göndərin. Qərar verməliyik: münaqişəni həll edirikmi, ya etmirikmi. Bu işi birlikdə həll etmək məcburiyyətindəyik. Dedim mən səmimiyəm, sizin də səmimi olduğunuza inanıram. Qırmızı xətlərimizi də dedim. Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa göz yummayacağıq” Ərdoğan söyləyib.
Bundan əlavə, Ərdoğan Putinə 2 min PKK döyüşçüsünün Ermənistan tərəfdən döyüşdüyünü də bildirib.