Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev Vaşinqtondakı Atlantik Şurasının (Atlantic Council) təşkil etdiyi internet-seminarda iştirak edib.
Eurasia Diary Virtualaz.org saytına istinadən xəbər verir ki, prezident köməkçisi öz çıxışında bir çox vacib məqamlara aydınlıq gətirib.
İlk öncə H. Hacıyev artıq işğalın başa çatdığını və qarşıdurmanın yerini əməkdaşlıq perspektivlərinin tutduğunu bildirib.
“Biz bir növ “pax caucasia” (Qafqaz sülhü) yaradılması, yeni regional əməkdaşlıq və inteqrasiya arxitekturası üzərində düşünürük, hansı ki, burada regionla qonşu olan bütün ölkələr iştirak edə bilər”, deyə prezident köməkçisi söyləyib.
Müharibə zamanı nə üçün Azərbaycanın ərazilərin əhəmiyyətli hissəsini əldə etdiyi halda 10 noyabr üçtərəfli razılaşmasını imzalamasına aydınlıq gətirərkən, H. Hacıyev Azərbaycanın hədəfinin sülhə nail olmaq olduğunu bildirib: “Azərbaycanın nöqteyi-nəzərindən bu hərbi əməliyyatları aparanda harada dayanmaq lazım gəldiyini bilmək vacib idi. Və biz strateji hədəflərimizə çatanda dayanmağa qərar verdik. Bundan əlavə, bizim hədəfimiz sülhü udmaq idi. Müharibəni udmaq olar, amma sülhü qazanmaq daha mürəkkəbdir”.
Prezident köməkçisi Türkiyə, Ermənistan və Azərbaycan üçtərəfli əməkdaşlıq formatının mümkünlüyünə toxunub. O, bunun xüsusilə Ermənistana xeyir olacağını qeyd edib.
“Bunun üçün Ermənistan keçmişin girovu olmaqdan çıxmalı, gələcək haqda düşünməli, Türkiyəyə və Azərbaycana qarşı tarixin yanlış yozulmasından irəli gələn əsassız iddialarından əl çəkməlidir. Və Ermənistan məsuliyyətli regional oyunçuya çevrilməlidir”, deyə o, vurğulayıb.
Əsirlərin və itkin düşənlərin dəyişdirilməsi ilə bağlı məsələlərə diqqət yetirərkən, H. Hacıyev Azərbaycanın şərtlərini nəzərə çatdırıb.
“Birinci Qarabağ müharibəsindən bizim 4 minə yaxın itkin düşmüş vətəndaşlarımız var. Yəqin ki, onların çoxu həlak olub. Lakin biz erməni tərəfindən onların kütləvi basdırıldıqları yerlərin xəritələrini almaq istərdik”.
Prezident köməkçisi son zamanlar xüsusi maraq doğuran məsələlərdən biri olan Dağlıq Qarabağın statusu məsələsinə də aydınlıq gətirib. O, hazırda status probleminə diqqətin lüzumsuz və həddən artıq yönəldilməsi məhsuldar olmaya bilər.
“Bu, Dağlıq Qarabağdakı erməni icmasında lüzumsuz gözləntilər yarada, habelə Ermənistanda radikalların işinə yaraya bilər. Ona görə də diqqəti etimadın möhkəmləndirilməsinə, Azərbaycanla Ermənistan arasında möhkəm sülhün əldə olunmasına yönəltmək lazımdır”.
O, Türkiyənin Rusiya ilə birlikdə atəşkəsə nəzarət mərkəzində fəaliyyət göstərəcəyini vurğulayıb.
“Türkiyə Azərbaycana böyük dəstək verib, amma Azərbaycan ərazisində Türkiyə hərbi bazaları yoxdur. Türkiyə hərbçiləri Rusiya ilə birlikdə atəşkəsə nəzarət mərkəzinin fəaliyyətində iştirak edir”, deyə Hikmət Hacıyev bildirib.