“Biz əməkdaşlığa açıq olan ölkəyik. Azərbaycanda müxtəlif xalqların nümayəndələri uzun illərdir ki, birgə yaşayır. İkinci Qarabağ Müharibəsi bunu bir daha göstərdi. Bütün xalqların nümayəndələri yumruq kimi birləşdi”.
Eurasia Diary xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında Xocalı sakinlərinin ermənilərlə birgə yaşamaq istəyib-istəməməsi ilə bağlı suala cavab verərkən deyib.
Biz bundan sonra da buna hazırıq. Mən buna əminəm ki, köçkünlər sülhməramlı missiyanın tərkibində olan bölgələrə qayıtmalıdır. O cümlədən Xocalıya da biz qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır. Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Biz heç kimi tələsdirmək, məcbur etmək istəmirik. Bizim birinci mərhələdə məqsədimiz azad edilmiş torpaqlara vətəndaşların qayıtmasıdır. Müharibədən 4 ay keçməmiş Ermənistan rəsmi şəxsləri ilə təmaslar qurulur. Bu proses müsbət istiqamətdə gedir”.