“Fəxr edirik ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında (Türk Şurası) müşahidəçi statusuna malikik”.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.
P. Siyarto deyib ki, pandemiyanın ilk aylarında Türkiyə Macarıstana tibbi maska ilə bağlı yardım göstərib: “Azərbaycan və Qazaxıstan da bizə yardım edib. Çindən Macarıstana avadanlıqlar daşıyan təyyarələrimiz də Azərbaycan üzərindən keçdi. Əsl dost pis gündə tanınar. Biz bunun şahidi olduq”.
Macarıstan xarici işlər və ticarət naziri bildirib ki, Budapeştdə Türk Şurasının ofisi yaradılıb: “Macarıstan Türk Şurasına üzv dövlətlərə əməkdaşlıqda, habelə birgə palata və investisiya fondunun, Türk Akademiyasının yaradılmasında maraqlıdır. Türk Şurasının Baş Assambleyasında da iştirak edirik. Biz Avropa Parlamenti və Türk Şurası arasında əməkdaşlığın yaranmasında iştirak etməyə hazırıq. Biz Avropa İttifaqı və Azərbaycan arasında əslində danışıqların son mərhələsindəyik. Avropanın qaz mənbələrinin diversifikasiyası Azərbaycan qazı olmadan mümkün deyil”.