Jirinovskinin Qarabağ, Azərbaycan, Türkiyə və Ərdoğan dərdi - Bir səfehin açıqlaması | Eurasia Diary - ednews.net

18 May, Çərşənbə axşamı


Jirinovskinin Qarabağ, Azərbaycan, Türkiyə və Ərdoğan dərdi - Bir səfehin açıqlaması

Türkiyə kimi bir gücün olmadığı Orta Şərqdə sabitlikdən söz gedə bilməz!

Siyasət A- A A+

Son zamanlar Ukrayna ilə Rusiya arasında gərginliyin artması ilə region dövlətləri arasında siyasi münasibətlər də dəyişməyə başlayıb. Sonuncu dəfə Ukrayna və Türkiyə prezidentlərinin görüşündən sonra rəsmi Kremldə də abi-hava dəyişib. Bunu Rusiyanın şovinist üzünü göstərən partiya nümayəndələrinin ritorikalarından duymamaq mümkün deyil. 

Bu günlərdə Rusiyanın Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı açıqlamasına reaksiya olaraq xoşagəlməz ifadələr işlədib. O, “artıq Ərdoğanı sakitləşdirməyin zamanı gəlib” deyə hədələyici ifadə işlədib. Öz gözündə tiri görməyib, özgə gözündə tük axtaran partiya lideri Rusiyanın hələ I Pyotrun zamanından həyata keçirdiyi məşhur “qamçı və kökə” siyasətini “bir əlində çiçək, digər əlində xəncər” ifadəsi ilə Türkiyəyə ünvanlayıb. O, Türkiyənin Liviya, Suriya və Azərbaycanda Rusiyanın önündə bir əngəl olduğunu və orada guya verdiyi silahlarla rus əsgərlərinin ölümünə səbəb olduğunu da dilə gətirib.

Bundan əlavə, sözdə liberal demokratçı olan və Azərbaycanı müstəqil dövlət kimi tanımamağa çalışan Jirinovski Türkiyə Prezidentini Qarabağı, eləcə də Azərbaycanı (!) işğal etməkdə ittiham edib. Görünür Jirinovski ya dünya xəritəsindən bixəbərdir, ya da Putinin məşhur “bütün dünya Rusiya sərhədidir” ifadəsinə köklənib. Əks təqdirdə, Qarabağ probleminin ilk qaynağının haradan olduğu və Vətən Müharibəsindən sonra həmin ərazilərə müdaxilə edərək Azərbaycanın tam və şəksiz qələbəsini kimin oğurladığını da unutmazdı.

Eurasia Diary Türkiyəni hədəfə alan Jirinovskinin ifadələri ilə bağlı türkiyəli politoloq Mehmet Babacandan müsahibə alıb.

- Türkiyə hökumətinin Krımla bağlı bəyanatından sonra Liberal Demokratik Partiyasının lideri V.Jirinovski Türkiyə rəhbərliyinə qarşı sərt çıxış edib. O, “artıq Ərdoğanı sakitləşdirmənin zamanı gəlib” deyə ifadə işlədib. Bu cür kobud ritorikaya qarşı rəsmi Ankaranın cavabı nə olacaq? 

- Ümumiyyətlə son zamanlar ölkə daxilində olduğu kimi xaricdə də bir sıra siyasətçilər Ərdoğana qarşı tənqidi fikirlər söyləyirlər. Əlbəttə ki, belə bir vəziyyətdə tənqidlərin yönəldildiyi mühitdəki daxili və xarici dinamikaya, daha doğrusu konyunktura baxmaq lazımdır. 

Rusiya və Türkiyə hazırda Ukraynanın Donbas məsələsi ilə bağlı gündəmində əsas oyunçulardır. Aİ və ABŞ-ın bu konfliktə NATO vasitəsilə qatqısı ona beynəlxalq bir xarakter verməklə yanaşı, Soyuq Müharibədən bəri davam edən klassik Şərq-Qərb qarşıdurması obrazını da verir. 

Ümumiyyətlə Türkiyənin Ukraynaya onun istəyinə əsasən göstərdiyi diplomatik dəstək, Türkiyənin Krım türkləri üçün həyata keçirdiyi mənzil layihəsi rus müxalifətini ayağa qaldırdı. Rusiya hazırda Türkiyənin sanki ona qarşı bir mövqe tutduğunu düşünür. Halbuki, Türkiyə böhranın qarşısını almaq üçün bütün tərəflərlə beynəlxalq qanunlara uyğun olaraq diplomatik əlaqələri saxlamağa çalışır. 

Jirinovskinin bu ifadələri ağıllı bir insanın deyəcəyi fikir ola bilməz, bu sadəcə populist bir çıxışdır. Lakin prezident Ərdoğana qarşı bu ifadələri təkcə Jirinoskidən deyil, hətta Aİ-na üzv olan ölkə rəhbərlərindən də eşitmək mümkündür. “Ərdoğan nəfəsi kəsilənə qədər səbr etməliyik” deyənlər, Ərdoğan üçün təhdid kimi eyni irrasional populist yanaşma tərzi nümayiş etdirirlər. Ankaranın bu cür fikirlərə reaksiyası, bu danışıqları həmişəki kimi diplomatiya və qanun çərçivəsində qınamaq və Türkiyə-Rusiya münasibətlərini rəsmi səviyyədə eyni səmərəlilik və hər iki tərəf üçün dialoq şəraitində davam etdirmək şəklində olacaq.  

- O həmçinin vurğulayıb ki, Türkiyə Liviyada, Suriyada və Azərbaycanda da bizim yolumuzda bir əngələ çevrildi. Eyni zamanda, Türkiyə həmin ölkələrə verdiyi silahlarla bizim əsgərlərimizin ölümünə səbəb olur. Rusiyada bir partiya liderinin dilə gətirdiyi bu cür ifadələr, sizcə rəsmi Kremlin fikirləri ilə üst-üstə düşə bilərmi? 

- Bu cür açıqlamaların Kremlin rəsmi fikirləri ilə üst-üstə düşdüyünü söyləmək real olmazdı. Az öncə qeyd etdiyim kimi Jirinovski bu açıqlamaları daxili siyasətə və ictimai rəyə mesaj vermək məqsədi daşıyan populist bir yanaşma nümayiş etdirməyə çalışır. Lakin bunlar hamısı bir yığın sözdən ibarətdir, yəni onların bunu Türkiyəyə qarşı həyata keçirə bilməsi qeyri mümkündür. Çünki Türkiyə Liviyada olduğu zaman BMT platformaları onu beynəlxalq səviyyədə tanıyıb və Liviyanın qanuni Milli Barış Hökumətinin yanında olduğunu təsdiq edib. Lakin qeyri-qanuni rus hərbi şirkəti olan “Vagner qruplaşması” orada həyata keçirtdiyi müharibə strategiyasında Rusiyanın hansı tərəfdən çıxış etdiyi məlumdur. Eyni şey Suriya üçün də keçərlidir. Əsəd rejimi 2014-cü ildə Şərqi Qutada istifadə etdiyi kimyəvi silahla təxminən 1400 günahsız mülki şəxsin ölümünə səbəb olarkən, eyni həssaslıq niyə göstərilmədi? Yəni bəhs edilən böhranlar və qarşıdurmalarda mülki-hərbi ayrı-seçkilik, bütün baş verənlərdə Türkiyənin ölüm səbəbi olduğunu söyləmək tarixin ən bağışlanmaz xətası olar. Türkiyə Cümhuriyyəti, daha çox Orta Şərq və Şimali Afrika bölgəsində insanların dinclik və rifah içində yaşamasının qarantı kimi rol oynayır və əmin edirəm ki, Türkiyə kimi bir gücün olmadığı Orta Şərqdə sabitlikdən söz gedə bilməz.  

- Azərbaycan bir dövlət kimi tanımayan Jirinovski, Türkiyənin Qarabağı işğal etdiyini deyir. Bu fikrə münasibətiniz nə ola bilər? 

- Qarabağ məsələsi tarixi təməli olan bir mövzudur və SSRİ-nin dağılması ilə 1991-ci ildən etibarən beynəlxalq ictimaiyyətin gündəminə gəlib. Bu gün yaşadığımız budur ki, Azərbaycan Ermənistanın o illərdə haqsız yerə və bütün dünyanın gözü qarşısında zalımcasına işğal etdiyi torpaqlarını, təxminən 30 il sonra geri aldı. Başqa sözlə, vəziyyət haqqın və ya haqlı şəxsin bir növ haqqının geri qaytarılmasıdır. Çünki bu bölgə təbii, coğrafi, demoqrafik və tarixi cəhətdən onsuz da Azərbaycan ərazisidir. 

Ermənistanın bu reallığı dəyişdirmək səyləri nəticəsiz qaldı. Eynilə, Minsk qrupuna bu problemi həll etmək tapşırılsa da, əslində heç bir şey əldə edə və problemin real həllini tapa bilmədi. Qarşıdurmalara başlayan erməni tərəfinin təxribatları və hücumları idi. Belə bir perspektivdən baxsaq, Azərbaycan və onun yanında dayanan Türkiyəni hansı hüquqla işğalçı adlandırmaq olar? 

Türkiyədə, Liviyada, Suriyada və Aralıq dənizinin şərqində beynəlxalq hüquqa əsaslanaraq hər zaman haqqın yanında yer alıb, eləcə də Qarabağ məsələsinə gəldikdə, tarixi, milli və mədəni irsinə bağlılığı ilə əlaqədar qardaşı saydığı Azərbaycanın haqlı mübarizəsində onu tək buraxmayıb. Hesab edirəm Jirinovskinin iddialarına cavab olaraq Azərbaycanın verəcəyi cavab ona qanun və tarix oxumağı tövsiyə etməkdən ibarət olacaq.

Elnur Ənvəroğlu

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...