Paşazadə ilə Qaregin razılaşmadı, Kirill hərəkətə keçdi - ednews.net

3 Dekabr, Cümə

Paşazadə ilə Qaregin razılaşmadı, Kirill hərəkətə keçdi

Siyasət A- A A+

Rus Pravoslav Kilsəsi Ermənistanda təcili qaydada nümayəndəliyini genişləndirib. Bu qərar patriarx Kirillin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 13 oktyabr Moskvada baş tutan sammitinin nəticəsinə verdiyi emosional reaksiyadır.

EDNews.net xəbər verir ki, bu iddia ilə “Novaya qazeta” çıxış edib.

“Sammitdən iki gün sonra patriarx Rus Pravoslav Kilsəsinin fövqəladə iclasını onlayn formada topladı, halbuki 3 həftə əvvəl Sinod Danilov monastırında uğurlu iclası olmuşdu. Onlayn sinod Ermənistanda Rus Pravoslav Kilsəsinin İrəvan-Erməni Yeparxiyasını formalaşdırmaq qərarı verdi”, – deyə bildirilib.

Qəzet Rus Pravoslav Kilsəsinin bütün tarix boyunca erməni kilsəsinin suverenliyinə hörmət etdiyini və onun ərazisinə müdaxilə etmədiyini söyləyib:

“Bəli, XIX əsrdə Ermənistanda kiçik rus kilsələri mövcud olub, amma onlar Rusiyadakı yeparxial mərkəzlərə tabe olublar. İndi Rus Pravoslav Kilsəsi İrəvanda belə mərkəz yaradır. Bu da kanonik hüquqi nöqteyi-nəzərdə burada II Qareginin rəhbərliyi altında mövcud olan erməni iyerarxiyasının tanınmaması deməkdir”.

“Novaya qazeta” hazırda Ermənistanda bir neçə rus kilsəsinin olduğunu xatırladıb:

“Bunlar yeparxiyanın yaradılması üçün kifayət deyil. Rus Pravoslav Kilsəsinin nizamnaməsinin 1.3 maddəsində onun kanoenik ərazilərini əhatə edən bütün dövlətlərin adı yer alır ki, onların sırasında Ermənistan yoxdur. Bu kontekstdə Rus Pravoslav Kilsəsinin yeparxiyasının yaradılması siyasi akt kimi görünür. Bu, daha çox Rusiyanın son Qarabağ müharibəsinin gedişində tutduğu mövqenin nəticələrindən biridir. Rusiyanın Ermənistanda hərbi mövcudluğu və KTMT-yə üzvlüyünə baxmayaraq, Moskva Azərbaycan qoşunlarının irəliləməsinin qarşısını almayıb”.

Moskvada baş tutan sammitdən sonra patriarx Kirillə II Qareginin bəyanatlarına diqqət yetirən qəzet bunun Azərbaycan və Ermənistan dini liderləri arasında heç bir razılığın əldə olunmamasını sübuta yetirdiyini bildirib. Rus Pravoslav Kilsəsinin tələsik yeparxiya yaratmaq qərarı Kirillin olanlara reaksiyası kimi təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...