Paşinyan Qubadlıdan keçən yolun əvəzində İran TIR-larını dar cığıra yönəldib - ednews.net

7 Dekabr, Çərşənbə axşamı

Paşinyan Qubadlıdan keçən yolun əvəzində İran TIR-larını dar cığıra yönəldib

Siyasət A- A A+

Xəbər verildiyi kimi, noyabrın 11-dən etibarən Azərbaycan Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində sərhəd-gömrük nəzarəti tətbiq edib. Nəticədə Ermənistan vətəndaşlarının bu yoldan sərbəst istifadəsi dayanıb, onlar alternativ yol kimi hökumətin təqdim etdiyi, Tatev-Aqvan kəndləri arasından keçən və hələ tam hazır olmayan dar qrunt yola yönəldiliblər. Avqust ayından etibarən isə Azərbaycan həmin yoldan keçən İran TIR-larından tranzit vergisi tuturdu. İndi İran TIR-larının da əksəriyyəti Ermənistan ərazisindən keçən alternativ yola yönəlib, amma ağırtonnajlı avtomobillərin dağlıq ərazilərdən keçən dar qrunt yolla hərəkəti çətin və təhlükəlidir.

Belə ki, İran sürücüləri Ermənistanda Gorus-Qafan avtomobil yoluna alternativ olaraq çəkilmiş Tatev-Aqvan yolunun yük maşınlarının keçməsi üçün çox dar olmasından şikayətlənirlər.

Azadlıq Radiosunun erməni xidmətinin əməkdaşı ilə söhbəti zamanı sürücülər deyiblər ki, yeni yoldan istifadə etməyə məcbur olublar, beləki əvvəllər istifadə etdikləri Gorus-Qafan yolunda Azərbaycan tərəfi polis postu qurub və onları rüsum şəklində 130 dollar ödəməyə məcbur edirlər.

Baş nazir Nikol Paşinyan da daxil, Ermənistan rəsmilərinin Tatev-Aqvan yolunun bütün növdən olan avtomobillərin istifadəsi üçün münasib olduğunu bəyan etməsinə baxmayaraq “Azadlıq” radiosunun çəkdiyi videoda böyük yük maşınlarının bəzi yerlərdən çətinliklə keçdiyi görünür. Çəkiliş zamanı hətta yük maşınlarından biri az qala aşacaqmış.

İran sürücülərindən biri bu yoldan çarəsizlikdən istifadə etdiklərini bildirib: “Biz hazırda tikintisi tam başa çatmamış yeni yoldan istifadə edirik. Yol çox dardır. Azərbaycandan keçən yoldan istifadə etmək istəmirik, çünki pul ödəmək istəmirik. Amma yeni yolda da problem çıxarsa, sürücülərə kömək göstərilməsi imkanı yoxdur”.

Bildirilir ki, İran TIR-larının bir hissəsi hələ də Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsi ilə hərəkət edir, tranzit vergisini ödəməklə.

Ermənistan vətəndaşları da Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsinin bağlanmasından sonra gediş-gəlişdə ciddi problem yaşandığını deyirlər. “Hraparak” qəzetinin çəkdiyi videodan görünür ki, yağan sulu qar Tatev-Aqvan yolunda ciddi problem yaradıb, çoxsaylı minik avtomobilləri yolda qalıb.

“Tatev yolu iflic olub. Təsəvvür edin ki, qışda bu yolda necə olacaq. Bu yol sadəcə olaraq keçilməz olacaq”, -  qəzet bildirir.

Doğrudur, alternativ yolun bir hissəsi asfaltlanıb, amma jurnalistlər müəyyən ediblər ki, bəzi hissələrdə hələ də yolun genişləndirilməsi və torpaq işləri aparılır. Üstəlik relyef mürəkkəb olduğundan və Qubadlıdan keçən yol bağlandığından iri yol texnikasını daşıyıb tikinti sahəsinə çatdırmaq da çətinləşib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...