“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası qaçılmaz prosesdir”.
Bu sözləri EDNews.net - ə tanınmış politoloq İlqar Vəlizadə bildirib.
Politoloq həmçinini hər iki qonşu dövlətin sərhədi ətrafında yaşanan problemlərin tez bir zamanda həll edilməsinin vacibliyindən də söz açıb. O, hesab edir ki, Ermənistandan fərqli olaraq, Rusiya və Azərbaycan regionda vəziyyətin daha da sabitləşməsi üçün sərhədlərin delimitasiya və demarkasiya prosesinin sürətləndirilməsinin tərəfdarıdır.
“Rəsmi Moskva Ermənistan və Azərbaycan arasında sərhəd problemlərinin və mübahisələrin həll olunması üçün xüsusi komissiyanın yaradılmasını təklif edib. Azərbaycan rəhbərliyi Rusiyanın bu təklifini açıq şəkildə dəstəkləyir. Bu Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan Prezidenti İlham Əliyev bunu dəfələrlə müsahibələri zamanı bildirib”.
Siyasi analitik delimitasiya məsələsində Ermənistana göstərilən təzyiqlərin vacibliyini də dilə gətirib. İlqar Vəlizadə düşünür ki, bu Ermənistan rəhbərliyini konstruktiv münasibət nümayiş etdirməsini təmin edəcək.
“İrəvan başa düşməlidir ki, delimitasiya prosesindən qaçmaq olmaz, proses mütləq sürətləndirilməlidir. Çünki iki dövlət arasında sərhədlər müəyyən olunmamış, nəqliyyat kommunikasiyaların açılmasından danışmaq mənasızdır”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mətbuat konfransında Ermənistan-Azərbaycan sərhədində baş vermiş gərginliyə toxunub. O bildirib ki, Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri münaqişənin hərbi yolla həllindən çəkinməyə çağırır.
Yunis Abdullayev