“Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edilməsindən sonrakı vəziyyəti ilə bağlı söylədiyi sözlərin doğruluğunu təsdiq etmək istəyirəm. Mən bu şəhərdə iki dəfə olmuşam, öz gözlərimlə görmüşəm. Ermənilər Şuşada hər şeyi dağıdıb, talayıblar!”
Ednews xəbər verir ki, bu sözləri “Milli Müdafiə” jurnalının baş redaktoru, politoloq İqor Korotçenko özünün teleqram kanalında qeyd edib.
Korotçenko ermənilərin Şuşada mədəniyyət abidələrinə qarşı vandalizm əməlləri törətdiyinə diqqət çəkib:
“Onlar orada “Xruşovka” tipli beşmərtəbəli bloklu binalarda yaşayırdılar, Şuşanın tarixi şəhər özəyi isə xarabalıqlarla dolu idi. Görkəmli memarlıq və mədəniyyət abidələri ilə yanaşı, hər şey tamamilə məhv edilib. Ermənilərin bütün işğal illərində Şuşada tikdikləri yeganə şey qondarma "Mxitaryanın villası" idi ki, burada da dağların heyrətamiz mənzərələri fonunda erməni oliqarxları dincəlirdilər”.
Politoloqun ermənilərin Şuşada törətdikləri vandallıqları mədəni soyqırım adlandıraraq qeyd edib ki, bunun iki səbəbi ola bilər:
“Niyə qədim xalq olduqlarını iddia edən ermənilər Şuşada mədəni soyqırım törədiblər? Görünür, iki səbəb var. Birincisi, Şuşa Azərbaycan şəhəridir, ona görə də ermənilər onu qəsdən dağıdıblar. Öz şəhərləri olsa idi bunu etməzdilər. İkincisi, başa düşürdülər ki, işğal əbədi olmayacaq, gec-tez oradan getməli olacaqlar. Şuşanın əsl sahibləri gəlib oranı azad edəcəkdilər - etdilər də”.
Korotçenko işğaldan azad olunduqdan sonra Şuşada görülən bərpa işləri ilə bağlı da fikirlərini bölüşərkən qeyd edib ki, - “Ona görə də mən ermənilərin Şuşasız əzab-əziyyətlə bağlı “inlədiyini” eşidəndə fikirləşirəm: nə yaxşı ki, onlar artıq orada deyillər. Cəmi il yarım ərzində Heydər Əliyev Fondunun sayəsində Şuşada onlarla tarixi, mədəni və memarlıq abidəsi sözün əsl mənasında küllərindən bərpa edilib və bu hələ başlanğıcdır”.