"Xocalı", bəşəriyyətin XX əsrdə "Holokost" və "Xatın" faciələrindən sonra yaşadığı ən böyük ağrıdır. 30 il keçməsinə baxmayaraq, faciəni törədən cinayətkarlar hələ də beynəlxalq hüquqla mühakimə edilməyib. İndi Ukraynada baş verənlər həm də siyasi proseslərə ikili standartlarla yanaşmanın, biganəliyin, müharibə cinayətlərinə göz yummağın acı nəticəsidir. Eləcə də bütün savaşlarda istər mülki əhali, istərsə də hərbçilər siyasətçiləri günahlandırır.
Britaniyalı jurnalist Neyl Vatson Ednews-a açıqlamasında bildirib ki, 30 il əvvəl Xocalı Soyqırımını törədənlərin, o cümlədən iki dəfə Ermənistan prezidenti seçilmiş Serj Sarkisyanın 613 dinc sakinin həyatına son qoyan hərbi cinayətlərinə görə heç vaxt ədalət qarşısında cavab verməmələri ədalətsizliyin bariz nümunəsidir.
“Bu, digər ölkələrin ərazilərini işğal edən bütün dünya liderlərinə kifayət qədər hərbi dəstəyə malik olduqları təqdirdə istədikləri əraziləri işğal edə biləcəkləri mesajını ötürür. Necə ki, Ermənistan Rusiya tərəfindən dəstəklənərək öz işğalçı, separatçı məqsədlərinə nail ola bilib”.
N. Vatson həmçinin qeyd edib ki, Ukrayna faciəsi bir daha sübut etdi ki, dünya dövlətlərinin daha güclü qüvvəyə çevrilməsi üçün ittifaq halında birləşmələri vacibdir.
“Bir çox insan millətçilik anlayışını üstün tutsa da, ancaq reallıq göstərir ki, güc birlikdədir. Mən bütün insanları digər ölkələrlə hərbi ittifaqlar yaratmaları üçün öz siyasətçilərinə təzyiq göstərməyə çağırıram. Bununla onların təcavüzkarlara qarşı minimum itki ilə effektiv müdafiəni təmin etmək imkanı ola bilər”.
Gülnar Səlimova