Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan münasibətlərininin normallaşması ilə bağlı bəyanat verib.
Mirzoyan ilkin olaraq Ermənistan və Azərbaycanın 1991 - ci il dekabrın 8-də MDB-nin yaradılması haqqında saziş imzalayarkən bir-birinin ərazi bütövlüyünü tanıdığını və bir-birilərinə qarşı ərazi iddialarının olmadığını qeyd edib.
O, bəyanatında öz ölkəsinin siyasi adətinə uyğun olaraq Qarabağ məsələsini yenidən qaldırıb. Onun Qarabağla bağlı sözlərində diqqətçəkən məqamlar olub.
Ermənistan XİN rəhbərinin fikirlərinə görə, erməni tərəfi üçün “Dağlıq Qarabağa münaqişəsi” ərazi məsələsi deyil, hüquqi məsələdir.
Məsələ ilə bağlı Ednews-a açıqlama verən beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev Mirzonyanın bəyanatını bu cür şərh edib;
“Mirzoyan ərazi məsələsi deyəndə Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını nəzərdə tutub. O, erməni millətçilərinin Qarabağın erməni torpağı olduğu iddialarını təkzib edib. Paşinyanın özü də Ermənistanın 1991- ci ildən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib.
Lakin Ermənistan rəhbərliyi hələ də Qarabağın status məsələsindən möhkəm yapışıb. Bundan əl çəkmək istəmirlər. Onlar Qarabağ ermənilərinin siyasi taleyini hüquqi məsələ hesab edirlər. Ermənistan üçün Dağlıq Qarabağın müstəqil olması və ya ona Azərbaycan tərkibində muxtariyyət verilməsi prinsipal məsələ olaraq qalır”.
Beynəlxalq hüquq üzrə digər tədqiqatçı Emil Həsənov qeyd edib ki, BMT-nin nizamnaməsinə və digər sənədlərinə uyğun olaraq Qarabağ Azərbaycan Respublikasının ərazi bütövlüyünün tərkib hissədir. O, qeyd edib ki, Ermənistan rəhbərliyi hər zaman hüquqi konsepsiyaları öz bildiyimi kişi şərh edir.
“Hüquqi məsələ Azərbaycan tərkibində etnik ermənilərin hüquqlarının və təhlükəsizliyinin təminatına şamil oluna bilər. Bildiyimiz kimi, Azərbaycanda bütün etnik azlıqlar bütün fundamental hüquqlara və azadlıqlara malikdir. Ölkəmizdə heç bir etnik və dini ayrı-seçkilik yoxdur. Azərbaycan hökuməti bütün azlıqların sosial həyatını və rifahını təmin edir. Qarabağ ermənilərinin özü də bundan faydalana bilərlər".
Yunis Abdullayev