İcra hakimiyyətləri ləğv edilməlidir! - Bəs bələdiyyələr? - Partiya liderləri TƏKLİF - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

İcra hakimiyyətləri ləğv edilməlidir! - Bəs bələdiyyələr? - Partiya liderləri TƏKLİF

Siyasət A- A A+
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29 - da ADA universitetində təşkil olunan “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” konfransında beynəlxalq münasibətlər, regional məsələləri ilə yanaşı ölkə daxili problemlərə də münasibət bildirib. 
 
Dövlət başçısı regionlarda həyata keçirilən sosial-iqtisadi layihələrə, əhalinin sosial rifahına və bir sıra çatışmazlıqların aradan qaldırılmasının zərurliyinə toxunarkən yerli icra hakimiyyətlərin səmərəsiz fəaliyyət göstərməsi, o cümlədən heç bir gözləntiləri doğrultmaması barədə söz açıb. 
 
Prezidentin bu açıqlamasından sonra bir sıra mətbuat orqanlarında Azərbaycanda mövcud olan yerli icra hakimiyyət sisteminin dəyişdirilməsi ilə bağlı yaxın zamanda referendumun keçiriləcəyi barədə məlumatlar dolaşır. Hətta, Azərbaycanın 14 iqtisadi zonasının inzibati ərazi vahidlərinə çevriləcəyi də iddia edilir. 
 
Məsələyə münasibət bildirən siyasi partiya sədrləri yerli strukturlarla bağlı konstitusiya dəyişikliklərinin əhəmiyyəti və bu dəyişikliklərin regionlarda iqtisadi və sosial təsirləri bəradə Ednews ilə öz fikirlərini bölüşüblər. 
 
Ağ partiyanın sədri Tural Abbaslı hesab edir ki, yerli strukturlar ilə bağlı məsələlər təkcə referendum yolu ilə həll edilə bilməz, mütləq bu dəyişikliklərə təkan verən amillər də nəzərə alınmalıdır və islahatlar aparılmalıdır.   
 
“Yerli icra hakimiyyətlər və bələdiyyələr ilə bağlı məsələlər barədə uzun müddət müzakirələr aparılır. Hesab edirəm ki, bələdiyyələrin funksiyalarının artırılması, yerli icra hakimiyyətlərin səlahiyyətlərinin azalması, hətta proporsional seçki sisteminin tətbiqi adi bir məsələlər deyil, bunlar cəmiyyətə təsirini göstərən vacib proseslərdir. İndiki məqamda bu məsələlər ətrafında lazimi işlərin görülməsi üçün müəyyən mənada idarəetmə metodu və yanaşması dəyişməlidir. Bildiyimiz kimi, regionlarda icra başçıları korrupsiya, rüşvətxorluq və digər qanunsuz əməllər ilə məşğuldurlar. Heç bir iqtisadi və sosial inkişafa töhvə vermirlər. Bələdiyyələr isə yerli icra strukturlarının beşinci təkər rolunu oynayırlar”. 
 
Tural Abbaslının sözlərinə görə, yeni bir icra institutunun yaradılması və ya inzibati ərazi vahidlərinin böyük region altında birləşdirilməsi hər hansı müsbət dəyişikliklər gətirəcəyinə zəmanət vermir. 
 
“Ölkədə müxalifətə proseslərə nəzarət etmək funksiyaları verilməlidir, hətta yerli idarəçilikdə öz rolunu artırmaq üçün imkanlar yaradılmalıdır. Əks təqdirdə özləri qərar verir, özləri pul ayırır, özləri yoxlayır – bu kimi hallar nə şəffaflıq, nə də inkişaf yarada bilər”. 
 
Müasir Müsavat partiyasının sədri Hafiz Haciyev qeyd edib ki, yerli icra hakimiyyətləri bir mənalı şəkildə ləğv edilməlidir. 
 
“Yerli icra strukturlarının hazırki vəziyyəti ilə bağlı ciddi bir fikir ortalığa qoyulmalıdır. Yerli icra başçıları Prezidentin onlara tapşırdığı öhdəlikləri və vəzifələri yerinə yetirmirlər, onların rüşvətxorluq və qanunsuz əməlləri ilə məşğul olması əhali arasında narazılığı daha da artırır. Belə məsələlər üzərində fikir mübadilələri aparılmalı və ciddi işlər görülməlidir. Bunun üçün Türkiyənin bələdiyyə sisteminin Azərbaycanda tətbiq olunmasını, yəni bələdiyyələrin səlahiyyələrinin və funksiyalarının artırılmasını daha məqbul hesab edirəm”.  
 
Partiya sədri referendum yolu ilə müsbət nəticələrə nail olunmasının ölkədə siyasi sabitliyi daha da gücləndərəcəyini qeyd edib. 
 
“Referendumda bələdiyyə sisteminin daha da təkminləşdirilməsi, proporsional seçki sisteminin tətbiqi, o cümlədən siyasi partiyaların əhali arasında rolunun artırılması kimi məsələlər öz həllini tapmalıdır. Heç bir müsbət nəticəsi olmayan və ancaq zərər verən yerli icra strukturları xalqın maraqlarına cavabdeh olan idarəetmə institutları ilə əvəz edilməlidir”.   
 
Azərbaycan Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu regionlarda bələdiyyə idarəetmə formasının tətbiqini dəstəkləsə də, Prezidentin yerli səlahiyyətli nümayindələrinin mövcudluğunu vacib hesab edib. 
 
“Türkiyədə həm bələdiyyələr, həm də valilik sistemi mövcuddur. Ölkənin konstitusiyasına əsasən valilər ölkə başçısı tərəfindən təyin olunur. Yəni deməyim odur ki, Türkiyə təcrübəsinə əsaslanaraq ölkəmizdə bələdiyyələrin funksiyaları və səlahiyyətləri artırılmalı, onlara daha çox sərbəst qərarların verilməsində imkanlar yaradılmalıdır. Lakin bununla bərabər Prezidentin yerli səlahiyyətli nümayindələrinə də ehtiyac var. Bu sahədə ətraflı islahatlar həyata keçirilməlidir".
 
Yunis Abdullayev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...