Mayın 10-da Yaponiya Xarici işlər Nazirliyi məlumat yayaraq bildirib ki, Rusiyanın daha 130 vətəndaşına sanksiyalar tətbiq edilib. Bu sənədlərə əsasən, yenilənmiş sanksiya siyahılarına Rusiyanın baş naziri Mixail Mişustin də daxil olunub.
Qeyd olunub ki, Sanksiyalar Rusiyanın Ukraynada apardığı işğalçılıq siyasətinə görə tətbiq edilir.
Yaponiya-Rusiya münasibətlərinin sanksiyalardan sonrakı mərhələdə necə davam edəcəyi ilə bağlı Ednews-a danışan ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib ki, Yaponiyanın qərarına cavab olaraq, Rusiya heç bir hərbi addım atmayacaq:
“Rusiya Ukraynaya qarşı apardığı müharibədə öz gücündən istifadə edərək üstünlüyü ələ alıb. Yaponiya da Kiyevə dəstək olmaq üçün Kreml rəsmilərinə sanksiyalar tətbiq edib. Onların içərisində Rusiya baş nazir Mixail Mişustin də var. Biz nəzərə almalıyıq ki, iki ölkə arasında Kuril adaları ilə bağlı problem var. Yaponiya Rusiyaya qarşı sanksiyalar tətbiq etsə də, danışıqlar apararaq Kuril adalarının taleyini həll etmək istəyir. Lakin düşünürəm ki, iki tərəf arasında razılaşma əldə oluna bilməyəcək. Yaponiyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar danışıqları uğursuzluğa düçar edəcək”.
Xanlar Əlibəy