Bu fikri politoloq Ramiyə Məmmədova Dmitri Medvedyevin nüvə müharibəsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, ABŞ-nin mövqeyi Rusiyada qıcıq yaradıb:
“Rusiya-Ukrayna müharibəsi yalnızca iki dövlət arasında olan münaqişə deyil. Bu savaşın pərdəarxası “qəhrəmanları” var. Artıq hər kəsə məlumdur ki, ABŞ və bəzi Qərb dövlətləri Kiyevi müharibəyə “atıb”. Ukrayna NATO-ya və Aİ-yə üzvlük vədləri ilə “tələ”yə düşüb. Bununla da Moskva-Kiyev münasibətləri gərginləşib. Baydenin açıqlamaları vəziyyəti daha da gərginləşdirməyə başlayıb. Bu da nüvə silahının istifadəsi məsələsini gündəmə gətirib”.
Siyasi analitik Rusiyanın nüvə təhdidini istifadə etməsinin səbəblərini də açıqlayıb:
“Artıq Rusiya qüvvəsini itirməkdədir. Bu səbəbdən nüvə təhdidi onun üçün yeganə silah halına gəlib. Şimal qonşumuzun əsas hədəfi qərb dövlətlərinin Ukraynaya hərbi və maliyyə dəstəyinin qarşısını almaqdır. Lakin Kreml rəhbərliyi də anlayır ki, Rusiya bu silahdan istifadə edə bilməz. Ona görə də, bunu yalnız təhdid kimi istifadə edirlər”.
Xatırladırıq ki, Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedyev NATO-nu təhdid edib. O, Ukraynanı silahla təmin etməyin nüvə müharibəsinə çevrilə biləcəyini vurğulayıb.
Xanlar Əlibəy