“Rusiyalı deputatın Türkiyə - NATO əlaqələri ilə bağlı fikirləri reallığı əks etdirmir”.
Bu sözləri Ednews - a açıqlama zamanı Kocaeli Universitetinin beynəlxalq əlaqələr üzrə professoru İrfan Kaya Ülger Dumanın deputatı Adalbi Şxaqoşev Türkiyə ilə bağlı açıqlamasını şərh edərkən bildirib.
Söhbət əsnasında siyasi şərhçi qeyd edib ki, Türkiyə İkinci Dünya Müharibəsindən sonra Qərbə inteqrasiya yolunu seçib. Onun sözlərinə görə, Türkiyə 1952-ci ildən bəri NATO-ya üzvdür, o cümlədən uzun müddətdir ki, Avropa İttifaqına daxil olmaq üçün danışıqlar aparır.
“İsveç və Finlandiya NATO-ya qəbul olsalar belə, Türkiyə alyansı tərk etməyəcək. Əslinə baxanda, Ankara bu ölkələrin alyansa qoşulmasına mane olmaq məqsədi güdmür, amma milli maraqlarının nəzərə alınması onun üçün daha önəmlidir. Bu iki ölkə terror təşkilatı PKK-nı dəstəkləyir. Eləcədə bir çox ölkələrin PKK-nın Suriya qolu YPG ilə gizli əlaqələri var. Türkiyə müttəfiqlik çərçivəsində bu terror təşkilatlarına qarşı mübarizə aparılmasını tələb edir. Türkiyənin Rusiyanın rəhbərlik etdiyi KTMT ilə əlaqələr qurmasının mümkün olmayacağını düşünürəm. Ankaranın belə bir fikri yoxdur. Bu təşkilata keçmiş SSRİ-nın altı ölkəsi üzvdür. Rusiyanı çıxmaq şərti ilə qalan ölkələr iqtisadi və hərbi baxımdan çox zəif ölkələrdir”.
Türkiyəli ekspert, həmçinin hesab edir ki, İsveç və Finladiya terror təşkilatı PKK-ya dəstəyini dayandırıb, terrorla bağlı lazımi tədbirlər görərlərsə, Türkiyə bu iki ölkənin NATO-ya üzv olmasına mane olmayacaq.
“Birincisi Türkiyə bu iki ölkənin PKK ilə əlaqələrini dayandırmağı, ikincisi Türkiyəyə qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasını tələb edir. ABŞ və Avropa ölkələrinin Türkiyəyə qarşı sanksiyaları hələ də qüvvədə qalır. Həmin sanksiyalar Türkiyəni təhlükəsizlik boşluğunu aradan qaldırmaq üçün Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almağa vadar etdi. Lakin bir məsələni də nəzərə almaq lazımdır ki, ABŞ artıq Türkiyə ilə bağlı siyasətini dəyişməyə qərara gəlib və yaxın zamanda hər iki ölkə arasında müdafiə sənayesi ilə bağlı yeni razılaşmaların bağlanacağı gözlənilir”.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Adalbi Şxaqoşev bildirib ki, Finlandiya və İsveçin NATO-ya daxil olması, alyansın parçalanmasına gətirib çıxaracaq. Belə olan halda Türkiyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıq haqqında düşünə bilər. Rusiyalı siyasətçi, həmçinin əlavə edib ki, Türkiyənin KTMT ilə əməkdaşlığı beynəlxalq təhlükəsizlik vəziyyətini yeni istiqamətə çevirə bilər.