Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü baş tutub.
Ednews xəbər verir ki, iclasda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya xarici işlər naziri Sergey Lavrov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian və Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi iştirak ediblər.
Xatırladaq ki, sabah iyunun 29-da Türkmənistanda Xəzəryanı dövlətlərin başçılarının sammiti keçiriləcək.
Lavrovun sözlərinə görə, Xəzər “beşliyi” ölkələri Xəzərdə etimad tədbirlərinin gücləndirilməsi və hərbi əməkdaşlıq üzrə saziş üzərində işi sürətləndirmək barədə razılığa gəliblər.
“Hərbi sahədə əməkdaşlığın vacibliyi vurğulanıb. Bundan başqa, Xəzəryanı dövlətlərin hərbi fəaliyyəti ilə bağlı etimad tədbirlərinin inkişafı ilə bağlı saziş üzərində işin sürətləndirilməsi təklif edilib.
Bundan əlavə, tərəflər Xəzər dənizi regionunda qeyri-Xəzəryanı ölkələrin silahlı qüvvələrinin mövcudluğunun istisna olunduğunu təsdiqləyiblər”, deyə Lavrov əlavə edib.