“Azərbaycan sərhədləri yaxınlığında planlaşdırılan hərbi təyinatlı obyektlərin inşası mütləq ölkəmizin rəhbərliyi ilə razılaşdırılmalıdır”.
Bu sözləri Ednews - açıqlaması zamanı hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndindən bir kilometr məsafəsində yerləşən Ermənistanın Ayqepar kəndində yeni rus hərbi bazasının tikilməsi ilə bağlı məlumatı şərh edərkən bildirib.
Onun sözlərinə görə, həmin ərazilərdə Rusiyanın inşa etdiyi hərbi obyektlərin hansı məqsədlərə xidmət edəcəyini dəqiqləşdirmək ölkəmiz üçün böyük əhəmiyyət daşıyır.
“İnanmıram ki, bu kimi məsələlər Azərbaycanla razılaşdırılmayıb. Lakin bu barədə heç bir rəsmi açıqlama yoxdur. Bəzi mənbələrdə bu ərazidə hərbi bazanın qurulması deyilsə də, bu inşaatın miqyası hərbi baza deyil, bazaya aid hərbi obyektlərdən biri olacağına ehtimal etməyə əsas verir. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya prosesinin sonunda, daha doğrusu, Ermənistanın 30 il ərzində işğal altında saxladığı 7 kəndi Azərbaycana qaytardıqdan sonra, bu kimi bazalar tipində Ermənistanın sərhədlərini Rusiya hərbiçilərinin mühafizə edəcəyi ehtimalı daha yüksəkdir. İstənilən halda Ermənistan öz sərhədlərini özü mühafizə edə bilmir”.
Qeyd edək ki, yayılan məlumatlara görə, Rusiya höküməti Ermənistanın Berd rayonun Ayqepar kəndi yaxınlığında yerləşən keçmiş aerodumun ərazisində hərbi baza tikir. İddialara görə, həmin ərazidə Rusiya Silahlı Qüvvələrinin
Gümrüdəki 102-ci bazanın tərkibindən ibarət bölmə yerləşəcək. Ayqepar kəndi isə Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndindən bir kilometr məsafədə yerləşir.