"Bu gün Azərbaycan və Türkiyə münasibətləri iki qardaş ölkə arasında strateji müttəfiqlik səviyyəsində inkişaf edir".
EDnews xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Xarici İşlər Nazirliyi ilə ADA universitetinin birgə həyata keçirdiyi “Müharibədən Sonrakı Dövrdə Azərbaycanın Sülh və Yaradıcılıq Təşəbbüsləri” mövzusunda “Diplomatiya həftəsi” çərçivəsində "Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxışında bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin Azərbaycan və Türkiyə qardaşlığının tarixi köklərinin dərinliyini vurğulayaraq, Türkiyənin hər zaman Azərbaycana siyasi dəstək görtərdiyini bildirdi.
"Bu münasibətlər həm də tarixdə hər hansı ikinci nümunəsi olmayan münasibətlərdir və burda əyləşən gənclər Heydər Əliyevin "Bir millət iki dövlət" Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözlərini eşidib, böyüyən gənclərdir. Türkiyə hər zaman Azərbaycana siyasi dəstək göstərib. Buradan başlayan qardaşlıq münasibətləri daha da inkişaf edəcək və bu istiqamətdə hər iki dövlət əlindən gələni əsirgəməyəcək".
Ləman Abbaslı