Ötən həftə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Rusiyanın Soçi şəhərindəki görüşü gündəmdə prioritet olan problemlərin müzakirəsi və əldə edilən bir neçə uğurlu nəticələrilə yadda qalıb.
İkitərəfli görüş xüsusilə regionda narahatlıq doğuran Ukrayna və Suriya böhranını ön plana gətirərək problemlərin həlli üçün birgə əməkdaşlıq perspektivlərini ortaya qoyub.
Qeyd edək ki, son danışıqlardan sonra Ukrayna taxılı artıq BMT və Türkiyənin təminatı altında dünya bazarlarına çıxarılacaq. Buna baxmayaraq, prezidentlərin görüşündə daha bir həlledici məqam da diqqəti cəlb edib. Belə ki, Rusiyanın sanksiyalar qarşısında hərəkət edə bilmədiyi halda, onun dünya bazarında həm taxıl, həm də gübrə məhsullarının satışa çıxarılması ilə bağlı əldə etdiyi yaşıl kartdır. Bu da o deməkdir ki, Türkiyənin sayəsində təkcə Ukraynaynanın deyil, həm də Rusiyanın da dünyaya qapılarını açır.
Bu isə Rusiyanın sanksiyalardan və yaşadığı məhrumiyyətlərdən dolayı Türkiyədən asılılığını qəbul etdiyi anlamına gəlir.
Suriya sərhədindəki düyünlər
Bundan əlavə, Rusiyanın Türkiyə ilə maraqlarının uzlaşması həm də Türkiyənin Suriya problemində rəsmi Moskvadan açar vasitəsi kimi istifadə etməsinə imkanlar yaradır. Yəni Türkiyə Rusiyanı özündən asılı etməklə Suriyadakı Əsəd rejimin bir qolunu kəsmiş olur.
Xatırladaq ki, hələ Tehrandakı üçtərəfli görüşdən öncə Əsəd rejimini müdafiə edən digər bir qol - İranla Rusiya arasında Türkiyəni Suriya sərhədlərindən uzaqlaşdırılmasına dair bir müzakirə yaradıb. Həmin ərəfədə isə Rusiya İdlib səmasından bir neçə strateji və mülki vətəndaşlar olan əraziləri bombalayıb. Bununla yanaşı, İranın rəsmi qurumları hadislərdə səbəbkar kimi Türkiyənin adını hallandırmaqdan da çəkinmədi.
Soçi görüşündən sonra isə Türkiyənin qarşısında Əsəd rejimini müdafiə edən İrandan başqa bir qüvvənin qalmadığı ortaya çıxdı. Çünki Rusiya belə bir dar gündə onun yanında dayanan Türkiyəni sanki Nuhun gəmisi kimi təsəvvür edir.
Qarabağın gələcək taleyi
Türkiyənin regionda söz sahibi olması təkcə Orta Şərqlə bitmir. Bu, həm də Cənubi Qafqaz, habelə region və dünyada yarana biləcək konfliktlərin qarşısının alınması üçün təzminat rolunu oynayır. Xüsusilə Ermənistanla Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı gedən danışıqların səmərəsi və Qarabağdakı hadisələrin birtərəfli həlli bundan sonra Türkiyənin də nəzarəti altına keçmiş olur. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması Türkiyə üçün geri dönüşü olmayan bir məsələdir. Bu qonşu dövlət olan İranı razı salmasa da, Rusiyanın işinə xeyli yarayır. Çünki Zəngəzurdan Uzaq Şərqə uzanan yollar sonunda yenə Türkiyəni Rusiya ilə Çin sərhədlərində qarşılaşdırır. Buna görə də rəsmi Kremlin yaxın gələcəkdə Qarabağdakı həqiqətləri qəbul etməkdən başqa bir çarəsi qalmayacaq.
Şübhəsiz ki, proseslərdən pərişan qalan İrana gəlincə, ortada hər zaman dini ixtilaf və provokativ səhnələr gözlənilə bilər. Lakin sanksiyalar və iqtisadi böhran qarşısında hər iki qonşu dövlət ağıl işlədərək Türkiyə və onun ayrılmaz müttəfiqi olan Azərbaycanla hesablaşmağı bacararsa, bu, həm onların iqtisadi mənfəətinin artması, həm də regionda sabitliyin bərqərar olması üçün şərait yaradacaq.
Elnur Ənvəroğlu