Türkiyəli deputat və bələdiyyə sədri Azərbaycanda səfərdədir - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

Türkiyəli deputat və bələdiyyə sədri Azərbaycanda səfərdədir

Siyasət A- A A+
Bakıda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Cəmil Yamanın və Kocaeli şəhərinin Gebze mahalının bələdiyyə sədri Zinnur Büyükgözün başçılıq etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakı ofisində mətbuat konfransı keçirilib.
 
Ednews xəbər verir ki, mətbuat konfransında səfərin məqsədi barədə məlumat verilib.
 
Bildirilib ki, deputat, bələdiyyə sədri və bələdiyyə məclis üzvlərindən ibarət heyət iki ölkə arasında qardaşlıq layihələri həyata keçirəcək, Azərbaycan və Türkiyə arasında mədəniyyət sahəsində əlaqələri daha da gücləndirməyə çalışacaq.
 
Üç gündür Azərbaycanda olduğunu xatırladan C.Yaman 41 nəfərlik heyətlə birlikdə gəldiyini bildirib. O, Azərbaycanla Türkiyənin sarsılmaz əlaqələrinin daha da inkişaf etməsi üçün əlindən gələni etməyə çalışacağını vurğulayıb.
 
C.Yaman çıxışında Azərbaycanın 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi gücündən və qüdrətindən söz açıb. O xatırladıb ki, düşmənlə döyüş meydanında təkbaşına savaşan Azərbaycan sonunda öz qələbəsinə nail olub. "Azərbaycanın və Türkiyənin heç kimin torpağında gözü yoxdur. Amma torpağımızda gözü olanların dərsini verməyə hər an hazırıq", - türkiyəli deputat əlavə edib.
 
Daha sonra tədbirdə bələdiyyə sədri Zinnur Büyükgöz çıxış edib. O, Azərbaycanın qürbət deyil, ana Vətən olduğunu vurğulayıb: "Bu gün qardaşlarımızın səsini duymaq, hisslərini bilmək üçün buradayıq. Səfər çərçivəsində Gəncə və Şəkidə olduq, bu şəhərlərin tarixi yerlərini gəzdik. Orada özümüzü öz bölgələrimizdə olduğumuz kimi hiss etdik. Parçası olduğumuz millətin dəyərlərini gördük. İllər əvvəl Bakıda olmuşdum. Bu gün qarşılaşdığım Bakı daha da müasirləşib və memarlığını qoruyan şəhər olub. Biz Azərbaycanda olmağı çox istəyirdik və buna görə də buradayıq. Güclü Türkiyə və güclü Azərbaycan üçün gələcək üçün daha böyük addımlar atmalıyıq".
 
Sonda müzakirələr davam etdirilib və suallar cavablandırılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...