44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür.
Ednews xəbər verir ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi ermənilərin ballistik raket hücumuna məruz qalıb.
Belə ki, düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.
Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Şəhərin raket atəşinə tutulması anı Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.