“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi qəbul edilib.
Ednews xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında layihə müzakirəyə çıxarılıb.
Layihəni təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, İsrail Azərbaycanın xarici ticarət tərəfdaşları içərisində 6-cı sırada qərarlaşıb:
“Eyni zamanda 44 günlük Vətən müharibəsində İsrail Azərbaycana dəstək verən ölkələr arasında ilk sıralarda idi”.
Sazişə əsasən, bir tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və yük aviasiya təhlükəsizliyi tədbirləri istisna olmaqla, yalnız sadələşdirilmiş nəzarətdən keçəcəklər.
Mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərəcəklər.
Layihə səsə qoyularaq, qəbul edilib.