“NATO-nun əsas hədəfi Qafqaz regionu daxil olmaqla bütün yer kürəsinə nəzarət etməkdir”.
Bu sözləri Ednews-a açıqlamasında politoloq Tofiq Abbasov NATO-nun hərbi kontigentinin Ermənistanın Azərbaycanla sərhəd ərazilərinə gətirilməsi ehtimalı ilə bağlı Milli Məclisdə səsləndirilən fikirləri şərh edərkən bildirib
Söhbət zamanı o, qeyd edib ki, ABŞ-ın ən təhlükəli düşməni, rəqibi Çin yox, Rusiyadır. Onun sözlərinə görə, rəsmi Moskvanın hazırda malik olduğu bəzi strateji hərbi silahlar Çinin özündə belə yoxdur.
“NATO faktiki olaraq qlobal təhlükəsizliyin təminatı adı altında bütün dünya üzərində nəzarət funksiyasını tətbiq etməyə çalışır. Halbuki, heç bir dövlət, heç bir millət ona bu səlahiyyəti verməyib. SSRİ dağıldıqdan sonra ABŞ öz strateji maraqlarına uyğun belə bir konsepsiya irəli sürüb. Bu konsepsiyada Kanadanın qərbində yerləşən Vankuver şəhərindən başlayaraq Rusiyanın uzaq şərq vilayəti – Vladivastok şəhərinə qədər təhlükəsizlik zolağının yaradılmasının zərurili vurğulanıb. Yəni, bu özü-özlüyündə o deməkdir ki, Vaşinqton bütün dünyaya nəzarət etmək qətiyyəti güdür. Eyni zamanda NATO SSRİ-nin son rəhbəri Mixayıl Qorbaçova verdiyi sözü tutmayaraq, Şərqi Avropa və Baltikyanı ölkələri alyansa daxil etməklə Rusiyanın sərhədlərinə doğru genişlənib. Bu regionda öz hərbi və siyasi qüdrəti daha da artırıb”.
NATO-nun Ermənistanla bağlı siyasətinə gəlincə isə, politoloq bildirib ki, bu ölkə məmnuniyyətlə alyansda yer almaq istəyir.
“Qərb dairələri nə desələr, nə göstəriş versələr Ermənistan onu yerinə yetirəcək. Çünki bu ölkənin subyekti yoxdur, xarici qüvvələr tərəfindən idarə olunur. Bununla bərabər, ABŞ-ın erməni diasporasının Ermənistan hakimiyyətinə təsir imkanları da kifayyət qədər çoxdur. Onu da əlavə edim ki, ABŞ nahaq yerə yüksək maliyyə hesabına Ermənistanda ən böyük səfirlik qurub, bu ölkədə diplomatlarının və əməkdaşlarının fəaliyyətinə imkan yaratmayıb”.
Ermənistanın Azərbaycanla sərhəd ərazilərində NATO-nun hərbi kontigentinin yerləşdirilməsinə Azərbaycanın münasibətini T.Abbasov bu cür izah edib;
“Azərbaycanın buna reaksiyası, əlbəttə ki, o qədər də xoş olmayacaq, daha doğrusu sərt olacaq. Ermənistan özünü idarə edə bilmədiyindən Qərb qüvvələrinə baş əymək məcburiyyətində olur. İrəvan kənar qüvvələrin təsirindən uzaqlaşa bilmir. Azərbaycan isə tam müstəqil dövlət olduğundan öz siyasətini müəyyənləşdirə bilir. Əlbəttə, çoxu bunu həzm edə bilmir, ölkəmizə qarşı şər-böhtan kampaniyası aparırlar.
O ki, qaldı NATO - nun Cənubi Qafqazda gələcək varlığına, alyansın bu regionda sülhün və əmin-amanlığın bərqərar olunmasına töhvələr verəcəyinə inanmaq sadəlövlük olardı. Hesab edirəm ki, NATO bu regiona daha çox təhlükəli risklər gətirə bilər. Son tarixi hadisələrə nəzər salsaq bunu anlaya bilərik. Görün, ABŞ - ın rəhbərlik etdiyi bu alyans İraqı və Liviyanı necə bərbad vəziyyətə salıb, Yuqoslaviyanı parçalayıb, Serbiyanı bombalayıb və öz suveren ərazisi olan Kosovanı onun əlindən alıb. Bütün bunların qarşısında alyansın hər hansı sülh siyasətindən danışmaq mənasızdır”.
Sonda T.Abbasov NATO-nun İrana qarşı hədəfində Qafqazın xüsusi önəmə malik olduğunu da qeyd edib.
Yunis Abdullayev