“Senatın qətnaməsi Fransanın Cənubi Qafqazdan tamamilə kənarlaşdırılmasına xidmət edir”.
Bu sözləri Ednews-a açıqlamasında politoloq Anar Əliyev deyib. Söhbət zamanı o, qeyd edib ki, Fransa bir çox vasitələrə əl atmaqla regionda öz mövqeyini möhkəmləndirməyə çalışır.
“Fransanın dövlət rəhbəri bu sənədi imzalasa belə, onun heç bir siyasi və hüquqi təsiri olmayacaq. Ümumiyyətlə, bu bəyanatda öz əksini tapan bütün bəndlər söz yığınından ibarətdir. Eyni zamanda regionda sülh prosesi ilə ziddiyyət təşkil edir. Bu bəyanatla Fransa Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu qüvvələrin yerləşdirilməsi məqsədi güdür. 10 noyabr üçtərəfli bəyanatın imzalamasından sonra Fransa rəhbərliyi yeni mexanizmlər hazırlamaqla regionda hazırki proseslərdə siyasi tərəfə çevirməyə çalışır. Bu bəyanatın əsas hədəfi bu məqsədə yönəlibdir”.
Politoloqun fikrincə, bu qətnamə Fransanın regionda geosiyasi maraqlarına ciddi zərbə vuracaq.
“Makron noyabrın 12-də Prezident İlham Əliyevlə telefon danışığında bir məsələləri müzakirə edərkən Senatın qətnaməsinin Fransa hökumətinin mövqeyi ilə üst-üstə düşmədiyi mesajını çatdırıb. Makron çox yaxşı bilir ki, bu qətnaməyə imza atarsa, Fransanın Azərbaycan və Türkiyə ilə bütün diplomatik əlaqələri kəsiləcək. Bu da rəsmi Parisin maraqlarına xidmət etmir. Ancaq Fransa öz dövlət maraqlarını təmin etmək üçün bu qətnamədən region dövlətlərinə, xüsusilə Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edə də bilər. Regionda öz istəklərinə nail olmadığı təqdirdə, bu qətnamənin ortalığa çıxmasını ehtimal etmək olar. Amma rəsmi Paris bilməlidir ki, Azərbaycan heç bir halda təzyiqlərdən və təhdidlərdən çəkinməyəcək. Öz xalqının maraqlarını qorumaq Azərbaycanın xarici siyasətində əsas priotetdir. Bu yalnız Fransanın dövlət maraqlarına ziyan vuracaqdır”.
Yunis Abdullayev