"Knesset"də (İsrail parlamenti) "Likud" partiyasının rəhbəri, keçmiş Baş nazir Benyamin Netanyahunun qələbəsi onun yenidən hakimiyyətə dönüşünə ümidləri artırıb. Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Netanyahunun qələbəsini təbrik edib.
Qeyd edək ki, sabiq nazirin dönəmində İsraillə Türkiyə arasında bir sıra sıxıntılar yaşanıb. Xüsusilə Fələstin məsələsində hər zaman Türkiyə ilə İsrail müəyyən anlaşılmaz vəziyyətlə qarşılaşıblar. Lakin Netanyahunun Türkiyədəki terror partlayışından sonra prezident Ərdoğana zəng edərək başsağlığı verməsi və siyasi liderlər arasında məhrəm münasibətlərin cücərməsi, həm də iki ölkə arasında yeni geosiyasi perspektivlər üçün atılan təməllərdən xəbər verir.
İsrailli siyasi şərhçi Şmuel Din Elmas bu barədə Ednews-la öz fikirlərini bölüşüb. O, Ərdoğanla Netanyahu arasındakı telefon danışıqlarının arxasında böyük məna dayandığını qeyd edib. Lakin ekspert buna həm də bu isti münasibətlərə o qədər də optimistik yanaşmadığını deyib.
“Məna etibarı ilə bu danışıqlar çox yüksək fikirlər formalaşdıra bilər. Lakin Türkiyə ilə İsrail hər zaman bir məsələdə qarşı-qarşıya gəlir – bu da Fələstindir. Bu baxımdan da Netanyahu ilə Ərdoğanın yaxınlaşmasına çox da ümid bəsləyə bilmirəm,” – deyə o, belə vurğulayıb.
Ekspert həmçinin İsrailin ərəb dünyası ilə əlaqələrində Türkiyənin aparıcı rolunu təqdir edib.
“İsrail Qətərlə münasibətlərdənsə daha çox "Həmas"la əlaqələrində körpü yaratmağa ehtiyac duyur. Hesab edirəm bu körpü rolunu Türkiyə daha mükəmməl həyata keçirə bilər. Hətta əminəm ki, Türkiyə bu sahədə addımlar atarsa, Yerusəlim də jest olaraq, “Şərqi Aralıq kəməri” layihəsinin yerinə Türkiyə kəmərini seçəcək.
Düşünürəm ki, Tel Əvivdə Azərbaycan səfirliyi açılarsa bu, İrana qarşı Azərbaycan-Türkiyə və İsrail üçlüyü formasında kəskin bir ittifaqın yaranmasına səbəb olacaq”.
Elnur Ənvəroğlu