“Şuşa-Xankəndi yolunda hər-hansı nəzarət-buraxılış məntəqəsinin qurulması ermənilərin növbəti cəfəngiyyatıdır”.
Bu sözləri Ednews-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Erməni mətbuatının Şuşa-Xankəndi yolunda yük maşınlarına nəzarət edəcək postun qurulması ilə bağlı iddialarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, erməni tərəfindən yayılan bu məlumatlar tamamilə yalandır və həqiqətə uyğun deyil.
“Azərbaycan heç bir halda öz əraziləri daxilində nəzarət-buraxılış məntəqələri və ya gömrük postu yaratmaq niyyəti yoxdur. Belə bir niyyət indiyə qədər olmayıb və olmayacaqdır. Ölkə daxilində şəhərlərarası nəzarət postlarının yaradılması sağlam məntiqə uyğun gəlmir və qanunvericiliyə də ziddir. Ermənilər belə yalan və cəfəng məlumatlar yaymaqla özlərini gülünc vəziyyətə salırlar”.
Hərbi ekspert nəzarət postlarının yalnız Ermənistanla sərhəd ərazilərdə qurulacağını bildirib.
“Laçın yolu boyunca, eləcə də rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə nəzarətin gücləndirilməsi mümkündür və olduqca önəmlidir. Ermənistanla sərhəd bölgələrdə DSX və Gömrük komitəsinin nəzarət-buraxışıl postları yerləşdirilməlidir. Postlardan biri Laçın rayonun təxminən Sus kəndi yaxınlığında ola bilər”.
Ədalət Verdiyev əlavə edib ki, ermənilərin Laçın yolu ilə Xankəndinə getməsi və azərbaycanlıların Zəngəzur dəhlizi ilə Naxçıvana getməsi imkanları güzcü şəkilində həll olunmalıdır.
“Ermənistandan Xankəndinə gələn ermənilərin heç bir problemlə üzləşmədiyi halda, Azərbaycan vətəndaşlarının da Ermənistan ərazisi vasitəsilə Naxçıvana getməsində heç bir mane və problem yaşanmamalıdır. Bunun başqa cür yolu yoxdur. Əlbəttə, bu prosesin nizamlanması bir qədər uzana bilər. Buna görə də bu zaman çərçivəsində regionda hadisələri diqqətlə izləməliyik, ermənilərin yalanlarına və dezinformasiyasına inanmamalıyıq. Ermənilər dünya ictimaiyyətinə çatdırmaq istəyirlər ki, guya Azərbaycan Laçın yolunu bağlamaqla Qarabağı blokadaya salıb. Həqiqətdə isə biz Laçın yolunu bağlamamışıq, əksinə bu yolun açılmasını, azərbaycanlı fəalların Xankəndiyə, Ağdərəyə getməsini və dövlət orqanlarımızın ekoloji monitorinqlərinə şərait yaradılmasını tələb edirik. Əgər biz yolu bağlasaydıq, Qırmızı Xaçın himayəsi altında erməni xəstələrin, rus zabitinin ailə üzvlərinin Ermənistana getməsi, o cümlədən humanitar yüklərin Xankəndinə daşınması mümkün olmazdı. Şuşa-Xankəndi yolunda etiraz aksiyaları keçirtməkdə məqsədimiz ərazilərimizə qanunsuz silahların və minaların daşınmasını dayandırmaq, ərazilərimizdə qanunsuz erməni silahlı dəstələrinin tərkisilah etmək və təbii sərvətlərlərimizin talan edilməsini dayandırmaqdır”.
Yunis Abdullayev