“Ölkəmiz Azərbaycanın təcrübəsindən faydalanmaq istəyir” - Misirli ekspertdən özəl AÇIQLAMA - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

“Ölkəmiz Azərbaycanın təcrübəsindən faydalanmaq istəyir” - Misirli ekspertdən özəl AÇIQLAMA

Siyasət A- A A+

Xəbər verdiyimiz kimi, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında yeni səhifə açdı. Səfər zamanı dövlət başçıları və hökumət nümayəndələri arasında iqtisadiyyat və ticarət sahəsində imzalanmış sazişlər, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Azərbaycanla Misir arasında əlaqələrin tarixinə toxunan misirli jurnalist, siyasi və iqtisadi məsələlər üzrə ekspert Əbu Bəkr Əl-Məcid Ednews-a özəl açıqlamasında bildirib ki, Misir uzun illərdir, enerji və təbii qaz hasilatı üzrə mühüm strateji mərkəz olmağa səy göstərir. O, vurğulayıb ki, ölkəsi təbii qaz hasilatı üzrə Azərbaycanın təcrübəsindən faydalanmaqda maraqlıdır:

“Misir enerji və təbii qaz hasilatı sahəsində yeni islahatlar aparır və bu strateji məqsədə çatmaq üçün bütün imkanlarından istifadə edir. Məlumdur ki, Azərbaycan zəngin təbii qaz ehtiyatlarına malik ölkələrdən biridir və bu sahədə böyük təcrübəyə malikdir. Ermənistan üzərində qazandığı mühüm qələbə Azərbaycanın siyasi və iqtisadi imkanlarını daha da artırıb. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi və Avropadakı enerji böhranı fonunda Azərbaycan qərb ölkələrini enerji ilə təmin edən mühüm mənbəyə çevrilib. Hesab edirəm ki, təbii qaz hasilatında Azərbaycanın geniş təcrübəsindən faydalanmaq Misir üçün mühüm əhəmiyyət kəsb edir”.

Ekspert qeyd edib ki, Misir və Azərbaycan arasında koordinasiya Avropa regionunda strateji tarazlığa nail olmaq üçün vacibdir:

“Misirin Yaxın Şərqdə və ərəb ölkələri arasında nüfuzunu nəzərə alsaq, şübhəsiz ki, Azərbaycan da bir sıra məsələlərdə bu ölkənin imkanlarından yararlana bilər. Misir Afrika qitəsində və Afrika ilə Asiya arasında yerləşən ərəb ölkələri üçün qapı rolunu oynayır. Düşünürəm ki, Misir Azərbaycanın ərəb və islam dünyası ilə əlaqələrinin daha da möhkəmlənməsinə töhfələrini verə bilər ”.

O əlavə edib ki, inkişaf edən Misir-Azərbaycan münasibətləri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına müsbət təsirini göstərəcək:

“Ermənistanla Azərbaycan arasında mövcud olan tarixi münaqişələrdə Misir hər zaman bitərəf qalmağa üstünlük verib və neytrallığını qorumaqdadır. Lakin gələcəkdə iki ölkə arasında hər hansısa böhran yaranarsa, Misir obyektiv şəkildə bunun qarşısını almaq üçün səy göstərməyə hazırdır. Misir-Azərbaycan əlaqələri tarixi köklərə malikdir və regionda sülhün bərqərar olmasına kömək edə bilər”.

 

Törə Zeynallı



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...