İşğaldan azad olunan Füzuli rayonuna sakinlərin qaydışı davam edir. Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 25 ailə Füzuliyə çatıb.
Ednews xəbər verir ki, yenidən çiçəklənən Füzuli doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 25 ailə olmaqla, 72 nəfər Füzuli sakini doğma yurduna qovuşub.
Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıblar.
Onlar daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşürək, Vətənə qovuşmağın sevincini paylaşıblar.