Ermənistanın baş naziri Nikol Paşinyan Əskipara, Bağanis və digər qəsəbələrin sakinləri ilə görüş keçirib. Görüşdən sonra Tavuşun dörd kəndinin Azərbaycana təslim edilməsi mövzusu fəal şəkildə müzakirə olunub.
Paşinyan delimitasiya prosesinin Tavuş bölgəsindən başlaya biləcəyini də istisna etməyib. Bəs sülh sazişinin imzalanmasını sürətləndirmək üçün tərəflərin öz aralarında razılığa gələrək, anklavları sadəcə olaraq bir-birlərinə “bağışlaması" praktikada mümkündürmü?
Məsələ ilə bağlı Ednews-a açıqlama verən siyasi ekspert İlyas Hüseynov bildirib ki, Nikol Paşinyanın son siyasi çıxışları kəndlərin Azərbaycan nəzarətinə verilməsinə işarədir:
“Qeyd etmək lazımdır ki, Azərbaycanın şərtləri reallaşmaqdadır. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla şərti sərhəddə olan sərhəd əraziyə səfər etməsi, Bağaniz, Əskipara kəndlərində görüşlər keçirməsi və bir sıra açıqlamalar verməsi də onu göstərir ki, bu kəndlərin ölkəmizin nəzarətinə verilməsi prosesi sürətlənə bilər. Biz çox istəyirik ki, sülh, diplomatik, siyasi təşəbbüslər və səylər nəticəsində bütün problemlərin həllinə çevrilsin”.
Ekspert bildirib ki, Ermənistanın arxasında duran bəzi qüvvələr Ermənistanı hər nə qədər münaqişəyə sövq etsələr də, sülh müqaviləsi bağlanacaq.
“Əgər Ermənistan bizim şərtləri qəbul etməyəcəksə istənilən yolla öz maraqlaraını təmin edə bilər. Lakin, bizim istəyimiz danışıqlar vasitəsi ilə bütün əngəllərin aşılmasıdır. Əlbəttə, Ermənistanın arxasında duran qüvvələr var. Havadarlıq edən güclər, hansı ki, Ermənistanın öz öhdəliklərini yerinə yetirməsini və sülh müqaviləsinin bağlanılmasını istəmirlər.
Lakin, Ermənistana havadarlıq edən qüvvələr də zaman-zaman sülhdən danışırlar. Ermənistanı sülhə doğru irəliləməyə məcbur edirlər. Bu da çox təbii prosesdir, çünki, sülh istəməyən qüvvələr hər nə qədər buna qarşı çıxsa da sülh müqaviləsi imzalanmalıdır. Münaqişə və digər problemlərin davam etməsi çıxış yolu deyil. Bu xüsusda, sərhədlərin demarkasiyası, eləcə də anklavların və esklavların müqəddaratının müüəyyənləşdirilməsi prioritet əhəmiyyətə malikdir. Düşünürəm ki, yaxın gələcəkdə bu ərazilərin Azərbaycana verilməsinə şahid olcağıq”.
Əkbər Novruz