İran İsraillə gərginlik fonunda qonşuları ilə məsləhətləşir, danışıqlar aparır, əlaqələri qaydasına salmağa çalışır. Azərbaycan isə bundan kənarda qalır. Tehran niyə Bakı ilə aradakı gərginliyi qaldırmaq istəmir?
Bu barədə Ednews-a politoloq Tural İsmayılov bildirdi ki, İran-Azərbaycan münasibətlərinin gələcəyi baxımından İranın xarici ölkələrdəki səfirlərinin, özəlliklə İranın Ermənistandakı səfirinin açıqlamalarına diqqət etməsi labüddür:
"Bu mövzuda İran tərəfi də üzərinə düşən öhdəlikləri yerinə yetirərək öz səfirliklərinin açıqlamalarına, diplomatlarının prezidentləri əleyhinə hansısa bir bəyanatlar səsləndirməməyinə diqqət etməlidir. Əks təqdirdə İran mediası ilə, ümumiyyətlə İran diplomatiyası ilə bağlı şəxslərin iki ölkə münasibətlərini zədələməyə çalışmağı açıq-aydın bir proses kimi təəssüflər olsun ki, davamlı xarakter ala bilər".
Siyasi şərhçi qeyd etdi ki, İranın Azərbaycanla münasibətləri heç vaxt səmimi olmayıb:
“Rəsmi Tehran hər zaman Azərbaycanla münasibətləri özünün dar eqolu ideologiyasına qurban verib. Bakı bu günə qədər Tehrana qarşı aqressiv tutum sərgiləmədiyi kimi, ərazisindən İrana qarşı hücumlar, ya da bu kimi fəaliyyətlərin edilməsinə icazə verməyib. Azərbaycan-İran münasibətlərinin korlanması tamamilə qarşı tərəfin sərgilədiyi mövqe ilə əlaqəlidir. Azərbaycan İrana qarşı xoş qonşuluq münasibətləri, qarşılıqlı əməkdaşlıqdan başqa heç nə etməyib. İran isə Azərbaycanı özü üçün potensial təhdid görür”.
Politoloq vurğuladı ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə sevinməyən ölkələrdən biri də məhz İrandır:
“Tehran işğaldan azad edilən ərazilər boyu sərhəddə hərbi təlimlər keçirib, rəsmilər səviyyəsində təhdid ritorikalı açıqlamalar verib. İranın Zəngəzurla bağlı mövqeyi dəyişməyib. İran rəsmiləri məsələyə çox dar rakursdan baxıb əsassız açıqlamalar verirlər. Xüsusilə Zəngəzur dəhlizinin açılmasını sərhədlərin dəyişdirilməsi kimi təqdim etmələri siyasi savadsızlıq və qərəzli yanaşmadır. O ki qaldı İranın bu məsələyə görə Azərbaycanla hərbi gərginlik yaşamasına, bu, zəif ehtimaldır. Bakının hazırda prosesləri bu qədər gərginləşdirəcək addımlar atacağını düşünmürəm. İran üçün də əlavə başağrısı lazım deyil. Təcrübə göstərir ki, Tehran çox danışsa da, az iş görür”.
Oğuz