Ermənistan 4 kəndin dinc yolla qaytarılmasına razılıq verdi. Amma revanşistlər kəndlər ətrafında yaşayan erməniləri qızışdırırlar. Bu etiraz dalğası böyüyə və böyüsə, proseslərə, yaxud Nikol Paşinyanın qərarına hansı formada təsir göstərə bilər?
Mövzu ilə bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Ednews-a açıqlaması zamanı bildirdi ki, burda hər hansısa bir təsirdən söhbət gedə bilməz. Bu gün baş verən proseslər öz yerinə qayıdır.
Onun sözlərinə görə, artıq Azərbaycan əvvəlki Azərbaycan, Ermənistanda əvvəlki deyil:
"Dərindən müşahidə etsək, Ermənistanın ətrafında demək olar dost qalmayıb. Fransanı və digər Avropa dövlətlərini hay-küy etməsi dostluqdan yox, öz maraqlarından irəli gəlir. Onlar da çox yaxşı bilir ki, bu kəndlər qayıtmalıdır. Bu kəndlər Azərbaycanındır. Ona görə də düşünmürəm ki, burada olan hər hansı bir revanşist çağırışlar hardasa istinad tapsın. Bu mənada Ermənistanda qüvvələr formalaşmaqdadır ki, onlar bu qədər yanlış ideologiyanın arxasınca süründüklərinə görə acısını çəkdiklərini dərk edirlər".
U.Mirzəyev qeyd etdi ki, revanşist siyasət, qisas təbliğatı, soyqırım məsələləri Ermənistanı fəlakətə apardı:
"Düşündükləri kimi bir toplum, millət olaraq birləşdirməyə yox parçalamağa yönəldi. Paşinyanın əvvəlki açıqlamaları revanşist xarakter daşıyırdı. 44 Günlük müharibə dönəmində olan açıqlamalarına fikir versək biz görərik ki, açıqlamaları revanşist idi. Artıq Paşinyan reallıqla barışır. Bu, tipik erməni xislətidir. Onun ixtiyarında olan variantlardan ən yaxşısı sülhdür və dərk edir ki, milləti üçün olan ən doğru seçim budur".
Oğuz