Sərhədin demarkasiyası uğurla başladı, artıq Qazax-Tavuş istiqamətində xətlər müəyyən edilib, dirəklər basdırılıb. Proses problemsiz davam edəcəkmi? - Anklavlar məsələsi də var, sərhəd komissiyalarının növbəti iclaslarında bu problemin həllinin tapacağı barədə açıqlama verilib. Məsələ necə çözüləcək? Artıq sülh müqaviləsi yaxındır?
Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Ednews-a açıqlamasında protokolların imzalanmasını Bakının növbəti uğuru hesab edib:
“Açıq-aydın təxribatlar törədilirdi. Ermənistan delimitasiya prosesindən qaçırdı”.
T.İsmayılov qeyd edib ki, diqqət edilməli üç məqam var: “Birincisi, həm Brüssel bəyanatlarında, həm də Rusiya görüşlərinin yekununda delimitasiya komissiyalarının çevik işləməsi ilə bağlı qərarlar var. İkincisi, Şarl Mişel də daxil olmaqla Avropa İttifaqının bir çox siyasətçisi delimitasiya olunmadan əlaqələrin normallaşmasını mümkünsüz hesab edirlər. Üçüncüsü, Rusiya da regional kommunikasiyaların fəaliyyətə başlaması üçün delimitasiyanı vacib hesab etmişdi. Amma Ermənistan tərəfindən sistematik formada Azərbaycan ərazilərinin qəsbindən əl çəkməmək taktikası var. Bütün bunlara baxmayaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşlərinin tez-tez olması müstəsna əhəmiyyətə malikdir”.
Politoloqun sözlərinə görə, bu günə kimi Ermənistan çox böyük “məharətlə” delimitasiya prosesinin reallaşmamasına çalışıb:
“Qərbdən aldığı göstərişlərlə prosesi sabotaj etmək üçün bütün vasitələrdən istifadə edib. Burada yalnız Ermənistanın deyil, onun havadarı olan ölkələrin də çox böyük günahı var. Çünki onlar sülh məsələsinin həll olunmamasına çalışır. Buna görə də delimitasiya prosesinin geçikməsi üçün addımlar atırdılar. Eyni zamanda, bu komissiyaların işinin uzanmasına səbəb olurdular. Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsinə imkan vermirdilər. Ciddi bir irəliləyiş üçün delimitasiya komissiyasının işlərində də irəliləyiş olmalıdır. Delimitasiya komissiyasının görüşü ilə bərabər Azərbaycan və Ermənistan tərəfinin üçüncü bir ölkə olmadan təkbətək görüşləri baş verdi. Bu hadisə də çox böyük əhəmiyyətə malikdir. Hər halda bu proseslər bir qədər vaxt aparan məsələdir”.
Oğuz