ABŞ tərəfindən növbəti dəfə Azərbaycan və Ermənistan ərazisindən keçən kommunikasiya xəttlərinin bərpası ilə bağlı açıqlama verilib. Ağ Ev Zəngəzur dəhlizindən keçəcək marşrutun bərpasında niyə bu qədər maraq göstərir? Ağ Evin Ermənistanla bağlı əsas iddiası nədir?
Mövzu ilə bağlı Ednews-a açıqlamasında politoloq Elşən Manafov bildirdi ki, Vaşinqtonun Zəngəzur dəhlizi ilə bağlı təkliflərinin arxasında onun Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlə geosiyasi maraqları durur:
“ABŞ hər iki bölgəyə Çinin artmaqda olan nüfuzunun qarşısını almağa, Rusiyanın məlum bölgələrə təsir imkanlarının məhdudlaşdırılmasına çalışır. Mərkəzi Asiyadakı MDB dövlətləri Avropa bazarlarına, əsasən Rusiya əraziləri ilə çıxırlar, ticari, iqtisadi əlaqələrin həyata keçirilməsində Rusiya tranzit ölkə rolunda çıxış edir. ABŞ Zəngəzur dəhlizinin onun dəstək verdiyi şərtlər müqabillində istifadəyə verilməsi ilə Mərkəzi Asiyanın bu dəhlizlə Qərbə çıxıntılarına nail olmaq, Rusiyanı tranzit ölkə kimi əldə edilən gəlirlərdən məhrum etmək, onun Mərkəzi Asiyada nüfuz dairəsini daraltmaq, müvafiq olaraq bu region ölkələri ilə hərbi əlaqələrini genişləndirərək buradan Rusiya və Çini təhdid etmək istəyir”.
Politoloq qeyd etdi ki, ABŞ-ın Zəngəzurla bağlı istəkləri həm də Çinin "bir kəmər, bir yol" layihəsinə qarşıdır ki, Azərbaycan da daxil olmaqla dünyanın 150-dən çox ölkəsi ona dəstək verir. ABŞ bu yolla Çinin Avropaya və əksinə daşınacaq yüklərin çatdırılmasında əldə edəcəyi 2 həftəlik vaxt müddətinin azalmasını və Pekinin bu yoldan gəlirlər götürməsini əngəlləmək istəyir.
“Dəhlizin Ermənistanin nəzarətinə verilməsində ABŞ-ın məqsədi 2020-ci ilin Moskva noyabr razılaşmalarının realizə olunmasına mane olmaq, Rusiyanın sərhəd qoşunlarını dəhliz ətrafindan, ümumiyyətlə, Ermənistan sərhədlərindən uzaqlaşdırmaq, Ermənistan və bölgədən Rusiyanı sıxışdırıb çıxarmaq istəyindən irəli gəlir. Ermənistan kimi satrapin vasitəsilə ABŞ, həm də İranla sərhədlərə birbaşa çıxış imkanları əldə etmək, İranın daxili işlərinə müdaxilə üçün daha əlverişli ərazi əldə etmək istəyir.
ABŞ-ın dəhlizlə bağlı istəkləri rəsmi Bakını qane etmir, belə ki, bu bizim Naxçıvanla maneəsiz əlaqələrimizin həyata keçirilməsinə əngəldir. Rəsmi Bakı Ermənistanın nəzarəti olmadan Sovet dönəmində olduğu kimi Naxçıvana keçidin təmin olunmasının tələb edilməsində haqlıdır. Digər tərəfdən ABŞ şərtləri ilə Zəngəzurun açılışına razılıq rəsmi Bakını geosiyasi qütbləşmənin əks tərəfində mövqe tutmuş Rusiya və Çinlə üzbəüz qoyur, hazırki reallıqlar şəraitində bu bizim maraqlarımıza uyğun deyil. Rəsmi Bakı əvvəlki kimi, çoxvektorlu xarici siyasətin həyata keçirilməsinə önəm verir”.
Oğuz