Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano bildirib ki, “xarici agentlər” qanunu qüvvəyə mindiyi üçün Avropa İttifaqı Gürcüstan hökumətinə bütün maliyyə yardımını dayandırmağı düşünür. Bundan əvvəl Aİ Gürcüstanın müdafiə qabiliyyətini gücləndirmək üçün nəzərdə tutulan 30 milyon avronun ayrılmasını artıq dondurmuşdu. İndi bu vəsaitlər Gürcüstanın qeyri-hökumət təşkilatlarına yönəldiləcək. Bu proses necə davam edəcək? Avropa və Gürcüstan arasında münasibətlər soyumağa davam edəcəkmi? Bu, Gürcüstanın hazırkı rəhbərliyini ölkənin qərbyönlü inkişaf trayektoriyasından imtina edərək, öz xarici siyasətini yenidən istiqamətləndirməyə gətirib çıxara bilərmi?
Mövzu ətrafında Gürcüstanın keçmiş Təhsil və Elm naziri, politoloq Gia Nodia Ednews - a fikirlərini bölüşüb. O, hesab edir ki, müxalifət qalib gələrsə mövcud vəziyyət də öz növbəsində qaydaya düşəcək:
"Avropa İttifaqı nümayəndəsinin bu bəyanatında qeyri-adi heç nə yoxdur. Aİ Gürcüstan parlamentinin qəbul etdiyi xarici agentlər haqqında qanunu sadəcə olaraq pis, xələlverici bir qanun olaraq deyil, Aİ standartlarına uyğun gəlməyən, həm də Avropa İttifaqına qarşı bəyanat kimi qiymətləndirir. Bu qanunun qəbuluna haqq qazandıran ritorika, Qərbin, Avropa İttifaqının və ABŞ-ın Gürcüstanın düşməni olduğunu, onların Gürcüstanın maraqlarını pozmağa çalışan "Qlobal Müharibə" partiyası tərəfindən idarə edildiyini ifadə edir. Bu da Gürcüstanın - "Gürcü Arzusu" hökumətinin siyasətini Avropaya inteqrasiya ideyası ilə bir araya sığmır.
Təbii ki, “Gürcü arzusu” hökuməti bunu inkar edir, onlar hələ də Avropa Birliyinə daxil olmaq istədiklərini deyirlər, lakin onların siyasəti açıq-aydın buna ziddir. Avropa Birliyi də müxtəlif yardım proqramlarını dayandırmaqla əsas etibarilə siqnallar göndərir ki, bu hökumət hakimiyyətdə olana qədər Gürcüstanın Avropaya inteqrasiyası ideyası qeyri-müəyyən müddətə təxirə salınmış olunacaq. Həmin proses isə bu ilin oktyabrında keçiriləcək parlament seçkilərinə qədər davam edəcək, amma seçkilərdən sonra nə baş verəcək, onu hələ ki, bilmirik. Bu, təbii ki, ilk növbədə seçkilərin nəticəsindən asılıdır. Müxalifət qalib gəlsə, mən hesab edirəm ki, Gürcüstanın "Avrointeqrasiya" siyasəti yenidən öz yoluna düşəcək. Yox əgər bu baş verməzsə ritorikanın necə irəliləyəcəyini görmək maraqlı olacaq".
Əkbər Novruz