Gürcüstanda 29 mart gecəsi keçirilən etiraz aksiyası zamanı dörd nəfər inzibati qaydada saxlanılıb.
"EDnews" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, saxlanılanlar polisə tabe olmamaqda, yollarda qeyri-qanuni maneə yaratmaqda və xırda təxribatçılıqda ittiham olunurlar. Bu inzibati pozuntulara görə cərimə 5 min lari (təxminən 1 800 dollar) və ya 60 günədək inzibati həbs cəzası nəzərdə tutulur.
Etiraz aksiyası parlament qarşısında keçirilib, iştirakçılar "Birlikdə Milli Hərəkət"in fəaliyyətini araşdıran parlamentin müvəqqəti komissiyasının işinə etiraz ediblər.
2003-2012-ci illərdə keçmiş hakim partiya olan "Birlikdə Milli Hərəkət" tərəfindən törədilən cinayətlərin araşdırılması üçün müvəqqəti komissiya 5 fevralda yaradılıb və parlamentdə üç ay fəaliyyət göstərəcək, sonra isə öz hesabatını təqdim edəcək. Növbəti iclas cümə günü keçirilib.
Şəms Qasımlı // EDnews