Bu gün 135 yaşı tamam olan Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin kitabının imzalı nüsxəsi əldə edilib.
Eurasia Diary xəbər verir ki, kitabı Türkiyədən əməkdaşımız Dilqəm Əhməd tapıb.
D.Əhməd bildirib ki, kitabı internet üzərindən bir bukinistdən satın alıb: "1923-cü ildə İstanbulda çap edilən "Azərbaycan Cümhuriyyəti" kitabı cümhuriyyətimizin tarixinin qurucusunun özü tərəfindən yazıldığı üçün çox önəmlidir. Bu kitab həmin vaxt İzmir kitab sərgisində mükafata layiq görülüb. Bolşeviklər bu kitabın əleyhinə Bakıda bir neçə kitab və məqalə yazsalar da, onun nüfuzuna xələl gətirə bilməyiblər. Rəsulzadə kitabında cümhuriyyətin qurulmasından və görülən işlərdən geniş şəkildə bəhs edib. Bu kitabın imzalı 5 nüsxəsi bilinirdi. Biri Anıtməzarda Atatürk kitabxanasındadır və xəlifəyə imzalanıb. Digəri Türkiyədə başqa bir kitabxananın arxivindədir. Üçüncüsü Rəsulzadənin də əməkdaşlıq etdiyi Türk Ocağının kolleksiyasındadır. Dördüncüsü jurnalist həmkarımız Ruslan Rəhimovdadır və Yahya Kamal Bayata imzalanıb. Beşincisi Türkiyədə bir kolleksiyaçıdadır. Və nəhayət bizim də şəxsi kolleksiyamıza əlavə edildi".
D.Əhməd qeyd edib ki, onun kolleksiyasına daxil olan kitab türk şairi Cəlal Sahirə imzalanıb: "Kitabın üzərində belə bir qeyd var: "Şairi-möhtərəm Cəlal Sahir bəy qardaşımıza təqdim. 27 nisan 1339. İstanbul". Sonra Rəsulzadənin qolu. 1339 rumi təqvimlədir, 1923 edir. Rəsulzadə bu kitabı işğal gününün ildönümündə imzalayıb".