Konnektikut və Toronto universitetlərinin tədqiqatçıları tərəfindən hazırlanmış süni dəri güclü maqnit sahəsi və təzyiq dəyişikliklərinə reaksiya verən çoxfunksiyalı sensorlar sayəsində onun sahibini xüsusi imkanlarla təmin edə bilər.
Eurasia Diary ICTnews-a istinadən bildirir ki, elektron dərinin əsasını maqnit sahəsinə reaksiya verən ferromaqnit mayesi (ferroflyuid) ilə doldurulmuş elastik silikon borudan ibarət "ferroflyuid əsasında multimodal triboelektrik nanogenerator" (FO-TENG) təşkil edir. Silikon boru elektrik siqnallarını keçirən mis məftillərdən ibarət sarğıya malikdir.
Mütəxəssislərdən biri "Science Daily" nəşrinə deyib ki, yeni süni dəri "su keçirmir və dartılıb-uzadıla bilir ki, bu da ona öz formasını illərlə saxlamağa imkan verir.
Tədqiqatçılar ümid edirlər ki, müvafiq icazə alındıqdan sonra təhlükəli materialların utilizasiyası vaxtı, avtomatlaşdırılmış axtarış-xilasetmə missiyalarında, həmçinin güclü yanıq xəsarəti almış şəxslər üçün protezlərin hazırlanması vaxtı süni dəridən istifadə etmək mümkün olacaq.