Alimlərdən açıqlama - Süd Yolu qalaktikasının diski əyridir | Eurasia Diary - ednews.net

20 İyul, Şənbə


Alimlərdən açıqlama - Süd Yolu qalaktikasının diski əyridir

Elm və texnologiya A- A A+

Alimlər müəyyən ediblər ki, Süd Yolu qalaktikasının diski qeyri-stabildir və müstəvisi əyridir. Çin Elmlər Akademiyasının (EA) Milli Astronomiya Rəsədxanası əməkdaşlarının məlumatına görə, qalaktikamızın mərkəzindən uzaqlaşdıqca bu təhriflər güclənir. Bu barədə AzEdu.az-a Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytında məlumat yer alıb. Qeyd olunub ki, çox uzaq məsafədən baxdıqda, qalaktikamız özündə ulduzlardan ibarət nazik müstəvi disk təsviri yaradır. Bu ulduzlar mərkəz ətrafında bir neçə yüz milyon illik periodla fırlanır və yüz milyardlarla ulduz qaranlıq materiya -“qravitasiya yapışqanı” ilə sanki qalaktikanı bütöv bir cisim halına gətirir.

Lakin Süd Yolu qalaktikasının mərkəzindən uzaqlaşdıqca qravitasiya zəiflədiyindən qalaktika diskinin xarici hissəsində qaz diskinin əksər hissəsini təşkil edən hidrogen atomları daha eyni müstəvidə yerləşmir və əvəzində qalaktikanın latın “S” hərfi formasına uyğun təhrif olunmuş fəza strukturu formalaşır.

Çin EA-nın tədqiqatçısı doktor Çen Syaodian qeyd edib ki, Süd Yolu qalaktikasının forması haqqında dəqiq təsəvvürə malik olmadığımıza görə Günəşdən qalaktikamızın xarici qaz diskinin müxtəlif hissələrinə qədər məsafəni təyin etmək olduqca çətindir: “Bu yaxınlarda biz Günəşdən məsafələri 3-5 faiz dəqiqliklə təyin oluna bilən, klassik Sefeidlər kimi tanınmış dəyişən ulduzların yeni kataloqunu dərc etdirmişik. Bu verilənlər bazası bizə Süd Yolu qalaktikasının kənar xarici ərazilərinə kimi ilk geniş, üçölçülü ulduz xəritəsini qurmağa imkan yaratdı”.

Qeyd edilən tədqiqat işinin həmmüəllifi, Makkuori Universitetinin (Avstraliya) professoru Riçard de Qriys bildirib ki, üçölçülü təsvirdə 1339 Sefeid və Süd Yolunun qaz diskinin fəzada paylanmaları təxminən eyni olub. Bu isə bizim qalaktikanın formalaşmasının mexanizmlərini dərindən anlamağa imkan verir.

Tədqiqat işi “Nature Astronomy” jurnalında dərc edilib.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...