İyunun 16-da Əlcəzairin Azərbaycandakı səfiri Salima Abdelhak AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, akademik Teymur Kərimli ilə görüşdə Salima Abdelhak Əlyazmalar İnstitutunun zəngin xəzinəsində çoxlu sayda ərəbdilli əlyazmaların, çap kitablarının qorunması haqqında ümumi məlumatı olduğunu, onlar haqqında daha yaxından maraqlandığı üçün bu müəssisəyə gəlməyə ehtiyac duyduğunu vurğulayıb.
Akademik Teymur Kərimli bildirib ki, institutda qorunan 12 mindən artıq əlyazmanın içində ərəb ölkələrinin tarixini, coğrafiyasını və digər sahələri əhatə edən dəyərli materiallar da mövcuddur. Həmin mənbələr sayəsində Azərbaycan və ərəb ölkələri arasında tarixi, mədəni əlaqələrin qədimliyini, əhəmiyyətini öyrənmək mümkündür. Bir çox qədim və orta əsr məşhur Azərbaycan müəllifləri ərəb dilini mükəmməl bilib, bu dildə gözəl nümunələr yaradıb. UNESCO-nun Dünya Yaddaşı Reyestrinə daxil olan bir neçə əlyazmamız arasında yer alan böyük Azərbaycan şairi Məhəmməd Füzulinin divanı 3 dildə - Azərbaycan, fars ərəb dillərində yazılıb.
Səfir S.Abdelhak Əlyazmalar İnstitutu ilə Əlcəzairin elmi müəssisləri arasında elmi, mədəni əməkdaşlıq əlaqələrinin qurulmasını istədiyini və bu istiqamətdə iş birliyinə hazır olduğunu bildirib. Teymur Kərimli gələcəkdə birgə layihələrə imza atacağına etiraz etmədiyini söyləyib və əlavə edib ki, Əlyazmalar İnstitutu pandemiya şəraitində xarici ölkələrlə onlayn şəkildə əməkdaşlığını davam etdirir. İnstitutun hazırladığı elektron kataloqlar vasitəsilə indiyədək İordaniya, Misir, Suriya və digər ərəb ölkələri ilə əməkdaşlıq edilib və Əlcəzairlə də bu şəkildə ikitərəfli əlyazma mübadiləsi yaradıla bilər.
Görüşdən sonra səfir institutun ekspozisiya zalı ilə də tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.