İyunun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ölkədəki mövcud dini duruma həsr olunmuş videokonfrans formatında müşavirə keçirilib.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov da müşavirədə çıxış edib. O bildirib ki, pandemiya dövründə təhsil müəssisəsi öz fəaliyyətini onlayn formatda uğurla davam etdirib. İnstitut ölkədə “Microsoft Teams” platforması üzərindən tədris prosesini həyata keçirən ilklər sırasında olub. Aİİ-nin bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyası da platforma üzərindən onlayn formatda şifahi formada keçirilir. Rektor əlavə edib ki, Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri müxtəlif vebinarlarda aktiv iştirak edib, onların müəllifliyi ilə bir neçə elmi dərslik və 36 elmi məqalə və tezislər çap edilib. O, həmçinin İnstitutun xüsusilə xarici tələbələri cəlb etmək məqsədilə təbliğat kampaniyasına başladığını da qeyd edib.