Daha çox hava taksisi, uçan taksi və ya vertolyot taksi kimi adlarla məhşurlaşan nəqliyyat vasitələri üçün yeni hava terminalı tikilib.
Ednews xəbər verir ki, Parisdən 40 kilometr şimal-qərbdə yerləşən "Pontoise-Cormeilles" regional hava limanı hazırda uçan taksilər üçün də xidmət göstərir. Bu maşınlar helikopterlər kimi şaquli şəkildə hərəkət edir.
Bu taksilər reaktiv turbinlərlə deyil, elektriklə işləyən rotor dəstləri ilə təchiz edilir. Bu il istifadəyə verilən sahə hazırda prototip kimi xidmət edir.
Buna əsas səbəb isə onun Avropada birinci olması və infrastruktur işlərinin hələ tamamlanmamasıdır.
2024-cü ilin iyulunda keçirilməsi planlaşdırılan Paris Olimpiadasının bu layihə üçün çox mühüm yeri olacaq. Parisdəki hava limanlarına cavabdeh olan "Groupe ADP" bu tarixə qədər 10 hava taksisi ilə fəaliyyət göstərməyi planlaşdırır.
Bu tədbirlər planına əsasən, taksilərin hər biri saatda iki və ya üç reys tamamlayacaq və ən azı iki marşrut xəttindən istifadə olunacaq.
Qeyd edək ki, sözügedən taksilərə bilet alışı üçün xüsusi proqramlar hazırlanır. Belə ki, yeni texnologiya əsasında hazırlanan sistem sərnişinlərin üzlərini skan edəcək və onların şəxsiyyətini yoxlayacaq. Döşəmə sensoru isə hər bir sərnişinin çəkisini müəyyənləşdirəcək.
Nəzrin Beydiyeva