Yaşadığımız dövr müasir texnologiyaların əhatəsindədir. Hazırda demək olar ki, hər bir işdə müəyyən dərəcədə uğur qazanmaq üçün reklama müraciət edirlər. Bəs, reklam həqiqətənmi, bu qədər əhəmiyyət daşıyır?
Məsələ ilə bağlı Ednews-a danışan “Technogen MMC” və “DevCenter MMC” şirkətinin təsisçisi, “Aral” Şirkətlər Qrupunun İnformasiya Texnologiyaları Departamentinin direktoru Fərrux Rəcəbli yeni biznesə başlayan yaxud müəyyən bir sahə üzrə fərdi fəaliyyət göstərən şəxslər üçün reklamın böyük önəm daşıdığını bildirib:
"Əvvəlki dövrlərdə hər kəs bir-birini ya axtararaq, ya da tanışlıq vasitəsilə tapırdı və öz fəaliyyətini, biznesini tanıdırdı. Amma bugün hər şey reklam üzərində qurulub. Əsasən də sosial şəbəkələr üzərindən olan reklamlar üstünlük təşkil edir. Reklam əslində bir biznesdir və strategiyadır. Bu sahədə savadlı mütəxəssizlərlə işləmək lazımdır, çünki bəzən bir şirkət yaxud biznes sahibi reklamını özü etmək istəyərək müəyyən vəsait xərcləyir amma geri dönüş ala bilmir. Amma peşəkarlara üz tutanda onların strategiyası ilə reklam verəndə eyni vəsaitlə qat-qat artıq əldə etmək olur".
F.Rəcəbli internet üzərindən olan reklam məsələsinə də toxunub:
"İnternet üzərindən reklam belədir ki, hər bir vebsaytın özünün reklam strategiyası var. Vebsaytların əksəriyyəti "Google SEO" adlanan xidmətlə çalışır. Bu funksiya həm vebsaytların axtarış motolarında tapılması və önə çıxmasına xidmət edir. Məsələn, siz telefon almaq istəyirsiz, bunu artıq axtarışa vermisiniz. Daha sonra görürsünüz ki, digər veb saytlardan, mobil operatorlardan sizə bildirişlər, reklamlar gəlir. Bu hadisə məhz çoxunun təəccübünə səbəb olur. Sözügedən hadisələrin hər biri reklamla bağlıdır. Sizin gəzidniyiniz bütün veb-saytlar, marağınız internet üzərində paylaşılır. Məhz şirkətlərin əksəriyyəti, "İnstagram", Tik-tok", "Facebook" kimi platformalara istifadəçilərin maraqlarının onlarla paylaşılması üçün külli miqdarda vəsait ödəyirlər".
IT mütəxəssisi reklamın müxtəlif sahələrə təsiri ilə bağlı da fikir bildirib:
"Reklam nə qədər mükəmməl olarsa, bununla bağlı çalışan SMM şirkətləri fəaliyyətini layqincə yerinə yetirərsə bu həm biznesin inkişafına həm də müəyyən şirkətin tanınmasına gətirib çıxaracaq".
Nəzrin Eldarqızı