"Süni intellektin bir neçə tərifi var, ancaq süni intellekt dediyimiz şey bizim insan zəkasının məhsulu olduğunu düşündüyümüz bir işi görən və ərsəyə gətirən texnoloji sistemdir. Bu süni intellekt əsaslı sistemlər insanların edə bildiyi bır sıra fəaliyyətləri həyata keçirir, hesablamalar aparır, əmrləri yerinə yetirir və s."
Bu sözləri Alas Academy-nin icraçı direktoru, AI mütəxəssisi Natiq Məmişov Ednews-a açıqlamasında bildirib.
O daha sonra qeyd edib ki, süni intellekt sistemlərini ümumilikdə 2 qrupa ayrıla bilər:
"Müəyyən bir sahə üçün hazırlanmış, proqramlaşdırılmış süni intellekt sistemləri, bu sistemə nümunə olaraq “şahmat” oyunundakı süni intellekti nümunə göstərə bilərik. Və insan kimi öyrənə bilən süni intellekt sistemləri. Öyrənməyi bacaran süni intellekt sistemləri insanlar kimi nə qədər çox informasiya qəbul etsələr və öyrənsələr, bir o qədər effektiv şəkildə fəaliyyət göstərə bilirlər".
Mütəxəssis vurğulayır ki, süni intellekt günümüzdə bir çox sahələrdə istifadə edilir:
"Süni intellekti istifadə çoxluğu nöqteyi-nəzərindən 2 dövrə bölə bilərik: ChatGPT-ə qədər olan dövr və sonrası. ChatGPT-ə qədər olan dövrdə süni intellekt sistemləri məhdud sahələrdə, telekom şirkətləri və bank sektorunda istifadə edilirdi. Lakin ChatGPT-nin gəlməsi ilə bir inqilab oldu və artıq AI satışda, marketinqdə və digər bir sıra sahələrdə aktiv şəkildə istifadə edilməyə başlandı. Çünki analiz məsələsində bir çox məqamlarda AI sistemləri insandan daha effektiv şəkildə fəaliyyət göstərir. Bu gün qrafik dizayn sahəsində də AI çox aktiv istifadə edilir, oradakı bir sıra AI alətləri insanlara bu sahədə əvəzsiz bir xidmət göstərir. Məsələn, AI vasitəsilə artıq köhnə fotoları yeniləyə bilir, rəngsiz fotoları rəngləndirə bilir, hətta yırtılmış və yarımçıq olan fotoları belə tamamlaya bilirik, bu həqiqətən möhtəşəmdir. Lakin digər ölkərə nisbətdə Azərbaycanda süni intellekt çox az istifadə edilir, bu bizim yeniliklərə bir qədər açıq olmamağımız, bəzən onlara adaptasiya olmaq əvəzinə onlarla mübarizə aparmağı seçməyimizdən irəli gəlir ki, bu isə, bizi inkişafdan geri qoyur. Lakin bank və telekom şirkətləri artıq süni intellektdən tam şəkildə istifadə edir. Zamanla bu sahələrin sayının artacağına da ümid edirik".
Ekspert qeyd edir ki, süni intellektlə bağlı cəmiyyətdə, hətta dünyada bir sıra nahatlıqlar var:
"Belə ki, insanlar düşünürlər ki, AI onların işlərini əllərindən alacaq, lakin bu, məsələyə necə baxmağımızdan asılıdır, süni intellekt insanların işlərini əllərindən almayacaq, sadəcə olaraq insanın öz potensialını fərqli yerlərdə, fərqli sahələrdə istifadə etməsi üçün bir imkan yaradacaq, artıq bir sıra bəsit və qəlibləşmiş iş proseslərin süni intellekt sistemləri tərəfindən yerinə yetirildikdən sonra insan zəkası daha gərəkli və lazımi sahələrə yönləndirilə bilər və bunun üçün də biz dövrə ayaq uyduraraq özümüzü bu yöndə formalaşdıra bilərik. Süni intellektlə bağlı bir digər narahatlıq doğuran məqam da odur ki, bir çox insanlar süni intellektin gələcəkdə bizləri idarə edəcəyini düşünür. Lakin biz bu məsələdə o zaman narahat ola bilərik ki, süni intellektin də bizim kimi şüur və iradəsi olsun. İnsan və AI arasındakı əsas fərq də məhz elə bu iki mövhumdur, biz iradəmiz olduğu üçün qərar verə bilirik, lakin hər hansı bir süni intellekt sistemi şüuru və iradəsi olmadan bunu edə bilməz və təbii ki, bunun uzaq gələcəkdə də olması ehtimalı real deyil".
O hesab edir ki, süni intellekt və fəlsəfə fikirlərimizi və hislərimizi birləşdirərək sadəcə bizə məlumat vermir, həyata dərin bir insani toxunuş da qatır.
Xəyal Ramiz