Onlara yaxın ərazidə yerləşən tibb məntəqəsinin həkimləri ilə danışıb vəziyyəti izah etmişik. Məntəqənin həkimləri gün ərzində azyaşlı Ramin Yusifovun səhhəti ilə maraqlanacaq.
Bu sözləri Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov deyib.
Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində yaralanan Ramin Yusifovun yaralarının olmasına baxmayaraq evə buraxılmasına aydınlıq gətirən həkim bildirib ki, ərazi üzrə tibb məntəqəsinin həkimləri onunla maraqlanacaq:
“Biz atasına etirazımızı bildirdik. Ancaq uşağın yanında qala bilmədiklərinə görə evə aparmaq məcburiyyətində qaldılar. Yusifovlar ucqar dağ kəndində yaşayır. Bizim xəstəxanadan neçə kilometrlərlə uzaqdı. Ailənin vəziyyəti də başadüşüləndir. Düzdür, Ramin Yusifovun durumu yaxşı olmasaydı, onu qətiyyən evə buraxmazdıq. Aşağı ətrafları qəlpə yaraları almışdı. Səhhətində ciddi problem yox idi. Ona görə ailə təkid etdiyi üçün evə buraxılmasına icazə verdik”.
P.Muradov bildirib ki, R.Yusifov ən az 3-4 gün xəstəxanada qalmalı idi:
“Uşağın həyatı üçün heç bir təhlükə yox idi. Ancaq yenə də əraziyə yaxın yerdə yerləşən tibb məntəqəsinin həkimləri ilə əlaqə saxlayıb məlumat vermişik. Onların evlərinə ən yaxın tibb məntəqəsi 20-25 km uzaqlıqda yerləşir. Buna baxmayaraq onunla gün ərzində maraqlanacaqlarını bildiriblər. Biz özümüz də ailə ilə əlaqə saxlayırıq. Ehtiyac yaranacağı təqdirdə gedəcəyik”.
Qeyd edək ki, dünən Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən həyətə mərmi düşüb. Mərminin qəlpələri Yusifov Ramini ağır şəkildə yaralayıb. Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.(axar.az)